İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun Şimal Komandanlığının qərargahına baş çəkərək, şiə təşkilatı Hizbullah tərəfindən Livanla sərhəddə gərginliyin artmasının Beyrut və Livanın cənubunun Qəzza zolağının taleyini təkrarlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Şimal Komandanlığında Hizbullah səhv etsə, Beyrut və Cənubi Livan Qəzzaya və Xan Yunisə çeviriləcək”, – o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Oktyabrın 7-də Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaqların girov götürülməsi ilə müşayiət olundu. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. (Tass)