“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova parlamentdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionu çox mürəkkəbdir:
“Bölgədə geosiyasi oyunlar gedir və böyük güclərin maraqları toqquşur. Münaqişə dövründə də ATƏT-in Minsk qrupunun oyunlarını görmüşük. Biz hazırda sülh müqaviləsinin imzalanmasının uzadılmasına zəmin yaradan maneələri görürük. Buna səbəb bəzi xarici qüvvələrin Ermənistanda revanşist qüvvələrin planlarına dəstək vermələridir”.
Deputat qeyd edib ki, Ermənistan üzərindən çirkin planlar quraraq ondan “sülh göyərçini” düzəltməyə çalışırlar. Hər cəhdlə region ölkələrinin öz aralarında bir araya gəlməsini, regionda uzunmüddətli sabitliyin yaranmasını istəmirlər. “Mülki missiya” adı altında destruktiv qüvvələrin bölgəyə yerləşməsi, sərhəddə intensiv təxribatların törədilməsi və dezinformasiya şəbəkəsinin aktivləşməsi hibrid təhdidlərin tərkib hissəsidir.
N.Məmmədova əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə, eyni zamanda COP29 iqlim konfransı zamanı da Azərbaycan əlaqələndirilmiş şəkildə təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrilib:
“Ölkəmizə qarşı təşkil edilən hibrid hücumların təhlili göstərir ki, aparılan kampaniyalar geniş kütlələrə çatmayıb, qarşıya qoyulan məqsədlərə nail olunmayıb. Təəssüf ki, bu gün parlamentlər, bəzi beynəlxalq dırnaqarası demokratiya və insan hüquqları təşkilatları, vətəndaş cəmiyyəti institutlarından ölkəmizə qarşı hibrid hücum alətləri kimi istifadə olunur. Erməni lobbisi ilə sıx bağlı olan şəxslərdən istifadə edilməklə Azərbaycana qarşı əlaqələndirilmiş şəkildə hibrid hücumlar həyata keçirilir. Prosesə beynəlxalq media da cəlb olunur və ölkəmizə qarşı siyasi, diplomatik təzyiq üçün kampaniyalar təşkil edilir. Bir sözlə, hibrid təhdidlərin tərifini verənlər bu hücumları həyata keçirmək üçün müxtəlif mexanizmlər də düşünüb, ondan çirkin formada istifadə edirlər”.
Deputat deyib ki, beynəlxalq əməkdaşlıq, ortaq media platformalarının, informasiya mübadiləsinin gücləndirilməsinə ehtiyac var.
“Bu mənada, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Belə ki, yüksək səviyyəli təşkilatlanma, yeni əməkdaşlıq formatları yaratmaqla hibrid hücumlara qarşı nəticələr əldə etmək mümkündür. Hesab edirəm ki, hibrid təhdidlərə qarşı mübarizəyə hətta həssas əhali qrupları da cəlb edilməlidir. Bu baxımdan, maarifləndirmənin, media savadlılığının artırılması, xüsusilə kiberhücumlardan qorunmaq üçün təlimlərin təşkili də məqsədəuyğundur”, – N.Məmmədova vurğulayıb.