Bu sözləri AZƏRTAC-a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev paytaxtı küçələrində tıxac və sıxlıqların qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə danışarkən deyib.
O bildirib ki, bununla bağlı bir neçə dəfə aidiyyəti qurumlara təkliflər göndərilib və onların çoxu qəbul olunub: “Məsələn, Tbilisi prospektində üzü 20 Yanvar istiqamətində gedəndə sağ zolaq yalnız sağa dönmək üçün idi. Biz təklif verdik ki, o yol həm düzünə, həm də sağa dönmə üçün olsun. Bu yolla zolaqların sayını artırmış olduq. Müşahidə apardıq ki, sağa dönən nəqliyyat vasitələrinin sayı çox deyil, düzünə gedən avtomobillərin də o yoldan istifadəsinə icazə versək, hər hansı çətinlik olmaz. Bundan başqa, Məhəmməd Hadi küçəsində hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər verdik. Orada avtobusların və digər nəqliyyat vasitələrinin hərəkət zolaqları ilə bağlı dəyişiklik edilib. Başqa təkliflər də vermişik ki, baxılıb və müsbət qarşılanıb. Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində işıqforun idarə olunmasında müəyyən dəyişiklik etdik. Bundan sonra hərəkətin intensivliyi xeyli artıb. “Dəniz Mall”ın qarşısındakı işıqforun vaxt planlamasında dəyişiklik oldu. Orada hərəkət sürəti mərkəz istiqamətinə gələrkən 42 kilometr/saat idi, indi isə artaraq 52 kilometr/saat olub. Artıq hərəkətin intensivliyi artıb, sıxlığın aradan qaldırılması üçün müəyyən işlər görmüşük”.
NİİM rəisi Namidan Piriyevin AZƏRTAC-a müsahibəsinin geniş versiyasını buradan oxuya bilərsiniz.