Kimi dindirsən, “uşağım müəllim yanına gedir” ifadəsini eşidəcəksən. Başqa sözlə, valideynsənsə, deməli övladın əlavə bilik üçün repetitor yanına gedir. Təhsil sistemində repetitorluğun geniş yayılmasının səbəbi çoxdur, sadalamaqla bitməz.
Siniflərdə şagird sayı çox, dərs saatı isə məhduddur. Yaxşı halda 25, pis halda isə 40 uşaq bir sinifdə cəmlənir. Müəllimin də hər bir şagirdə fərdi yanaşması çətinləşir. Nəticədə valideyn övladının dərsdən geri qalmaması üçün repetitor tutmağa məcbur olur.
Müəllimlərin əksəriyyəti proqramın ağır olduğunu bildirir. Şagirdin biri dərsin öhdəsindən gəlir, ikisi isə yox. Bu yükü dəf etmək üçün məktəbli fərdi dərs almağa məcbur olur, çünki hər uşağın qavrama səviyyəsinin fərqlidir. Müəllim yeni mövzuya xeyli zaman ayırmalıdır deyə, geridə qalan şagirdə əlavə zamanı ayırmağa imkanı yoxdur.
Bir məsələyə də diqqət yetirməliyik. İşləyən ana-atanın uşaqla dərs tapşırığına vaxt ayırması bəzən mümkünsüzdür. Üstəlik mövzudan da başı çıxmayan valideyn övladına kömək etməkdə acizdir. Bu da repetitora olan tələbatı artırır.
İlk olaraq hazırlığa abituriyentlər gedir. Azərbaycanda ali məktəblərə qəbul imtahanları ciddi rəqabət şəraitində keçirilir. Yüksək nəticə əldə etmək istəyən şagirdlər əlavə hazırlığa ehtiyac duyurlar. Bu, yalnız Azərbaycana məxsus deyil. Dünyanın bir çox ölkəsində repetitorluq geniş yayılıb.
Bəzi müəllimlərin isə davranışı elə də xoşagələn deyil. Məktəbdə dərslərini tam keçməyib şagirdi əlavə pul ödəməyə, repetitorluq edərək əlavə qazanc əldə etməyə çalışan müəllimlər az deyil. Şagirdlərin arasında “filan müəllim dərs keçmir” ifadəsi geniş yayılıb, yəni yola verir, repititorluğu əsas peşəyə çevirərək öz işini qurur. Məktəb bir növ belə müəllim üçün “şagird tutmaq” yerinə çevrilir. Belə yanaşma təhsil sistemində etik problemlərə və bərabərsizliyə yol açır.
Repetitorluğun tam ləğvi mümkünsüzdür, çünki fərdi təhsilə ehtiyacı həmişə olacaq. Amma dövlətdən maliyyələşən orta məktəbi bazara çevirmək olmaz. Kim istəyirsə, fərdi repititorluqla məşğul ola bilər. “Vergini ödə, ürəyin istədiyi qədər şagird topla” necə deyərlər.
Hər hala bəzi tədbirləri görməklə təhsildə xeyli dəyişikliyə nail olmaq, repetitorluğa olan tələbatı azaltmaq mümkündür.
Məktəblərdə dərsdən sonra əlavə məşğələləri təşkili edilməsi vacibdir. Məsələn, Fransada zəif nəticə göstərən şagirdlər üçün pulsuz dərs saatları təşkil edilir. Əlavə məşğələ sistemi bizdə də qurulub, amma çox zaman elə də effektiv işləmir. Məktəblərdə, deyək, əlavə ingilis dili dərnəkləri var, amma çox zaman formal xarakter daşıyır. Kimsə sadəcə büdcədən ayrılan dərslərə görə pul alır, amma faktiki iş görmür.
Bir çox xarici ölkə təcrübəsində məktəblərdə tam günlük təhsil modeli tətbiq edilib. Yəni işləyən valideyn uşağı üçün narahat deyil, dərsdən sonra qalıb ev tapşırığını yerinə yetirir və məktəbdə bunun üçün hər şərait var. Kitabxana, istirahət zonası, idman zalları, hətta su hovuzu belə yaradılıb. Məktəblərdə mütləq havayı dərnəklər yaradılmalıdır. Avropa və ABŞ təcrübəsinə nəzər salsaq, məktəblərdə şahmat, musiqi, rəqs dərnəklərinin olduğunu görərik. Hər məktəbin mütləq uşaq xoru və idman komandaları olur. Müvafiq maliyyə də ayrılır.
Azərbaycan məktəbində dərs yükünün optimallaşdırılması barədə ciddi iş görülməlidir. Proqram daha səmərəli qurulmalı, lazımsız dərs yükü azaldılmalıdır. Bu, şagirdlərin dərsdən geri qalmasının qarşısını ala bilər.
Məktəbdə uşaqların sağlam qidalanması problemi hələ də qalmaqdadır. Gündə bir dəfə hər bir uşağı havayı yemək verməyi ölkə miqyasında təşkil etməliyik, çünki başqa yolu yoxdur. Gününü məktəbdə keçirən, bədəni qida tələb edən uşağın elə-belə nəsə yeməsi elə dərs prosesinə mənfi təsir edir. Təhsil ocaqlarında yüksək səviyyəli yeməkxanalar olmalıdır.
Fərdi repetitorluğun tamamilə ziyanlı olduğunu da demək olmaz. Bir sıra hallarda şagird xarici dil öyrənmək, beynəlxalq imtahanlara hazırlaşmaq üçün fərdi müəllimin dəstəyinə ehtiyac duyur. Repetitorluq məktəb proqramını mənimsəməyə yox, daha yüksək nəticə əldə etməyə xidmət etməlidir. Bazarda ən peşəkar müəllim heyəti məhz bu sahədə olmalıdır.
Repetitorluğun qarşısını almaq, ya qadağan etmək lazım deyil. Sadəcə orta təhsilə yanaşma dəyişməlidir. Şagird sayına uyğun olaraq məktəblər inşa olunmalı, müəllimdən də buna uyğun nəticə gözlənilməlidir.
Nərgiz Malik