Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir.
“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.
Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.
Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.