İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ-la razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib. Bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, “ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur”. Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini təşvişə salıb və onlar əldə edilə bilən hərbi məqsədlərin olmamasından narahat olduqlarını bildiriblər.
Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada Həmas yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. Nəşr MKİ-nin keçmiş zabiti Mick Mulroy-un sözlərindən sitat gətirir: “Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir”.
İraqda xidmət etmiş ABŞ-ın təqaüdçü generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin “itkiləri məhdudlaşdırmaq və həmçinin binalara dəyən zərəri azaltmaq” üçün bir üsul kimi görünür. (Tass)