Həyatımda teatrla tanışlığım ilk dəfə bu günlərdə baş verib. Bunacan canlı olaraq nə səhnə görmüşdüm, nə də aktyor oyununu izləmişdim.
5 nəfərlik bir dəstəyə qoşulub teatr mövsümünün son günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrına, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasına baxmağa getdik.
Hə, indi oxuya-oxuya düşünürsünüz ki, “hamı bu tamaşadakı obrazlara bir qulp qoşur, görəsən bu qız nəyi və kimi pisləyəcək”
Bu tamaşa ilə bağlı çox yazı yazılıb, məlumatı olan da, filminə baxan da, tamaşaya gedən də, hətta, heç bir məlumatı olmayan da fikir bildirib. Kimsə baş qəhrəman Məşədi İbadı 15 yaşlı qıza tamah saldığına, Sərvəri fırıldağına, Rüstəm bəyi qızını pul obyekti olaraq görməsinə görə, kimsə də ümumi süjeti qadının “alqı-satqı” obyekti olmasına görə pisləyir. Yox, mən bunlardan danışmayacağam. Mən sizi tamam başqa dünyaya aparacam. Hazırsınızsa, getdik.
21 yaşım olmasına baxmayaraq, indiyə qədər Musiqili Teatrının yanından belə keçməmişdim. Nə başınızı ağrıdım, sıx növbədən sonra qapıdan içəri girdik, abu-hava çox xoşuma gəldi. Divanından tutmuş, pərdəsinə qədər hər şey – şux pərdələr, salonda qızılı rəngin hakimliyi, yuxarıda asılmış par-par yanan çilçıraqlar filmlərdə gördüyüm krallıq üslubunu xatırladırdı. Tamaşa zalına daxil olduq. İlk dəfədir görürəm axı, bilmədim tavanda naxışlarla qəşəng təsvir edilən günəş və səmaya baxım, ya yuxarıda olan amfiteatra, və ya səhnə dekorasiyalarına.
Çox xoşum gəlmişdi. Bir balaca zaldakı qaranlıq saatı təxmin etməyə çətinlik yaradırdı. Təsəvvür edin, içəridə oturmusunuz, çöldə havanın qaranlıq ya da aydınlıq olduğunu bilmirsiniz. Bu çox maraqlı bir duyğudur, sanki bir anlıq zamandan ayrı düşmüsən. Nə zaman var, nə də onu ölçən saat. Yox, daş dövründə qalmamışdım, telefona qəsdən baxmırdım. Dedim axı, bu durum mənə ləzzət edirdi.
Tamaşa başladı. Orkestrin sakit notlarda ifası ilə səhnəyə iki oğlan daxil oldu, nərdivan qoyaraq tələsmədən səhnənin bu başında və o başında olan çıraqları yandırdılar. Oğlanlardan biri elə nərdivanın başındaca qısa monoloq səsləndirdi. Daha sonra səhnədə Sərvər göründü, səs-küy yarandı, sonra isə bu dəfə orkestrin hərəkətli notlarda olan ifası ilə ortada böyük bir səhnə yarandı.
Səhnə fırlanırdı, dostlar. Vallah, fırlanırdı. Fırlandıqca başqa otaqlar yaranırdı. Hər üzündə bir otaq vardı. Birində Məşədi İbadın adaxlıbazlığa gəldiyi məşhur darvaza qapısı, birində Rüstəm bəy və Gülnazın “qızım səni ərə verim” dialoqunun baş verdiyi, həm də bəylərin yeyib-içib dava saldığı otaq, digərində Məşədi İbadın böyük həvəslə “gəlin” gətirib, “gəlinin” kişi olduğunu öyrəndiyi məkan görünürdü.
Aktyor və aktrisaların çıxışına baxdıqca göz bəbəklərim böyümüşdü, heyranlıqla izləyirdim. Məndə belə bir durum çox nadir hallarda olur. Əksər vaxt hamı soyuq və əsəbi baxışlarımdan gileylənir. O an gözlərimdə çox böyük maraq və heyranlıq vardı. Sərvər və Gülnaz hər oxuyanda düşünürdüm “ay Allah, görəsən boğazları ağrımadı”. Axı, hamının ifa edə biləcəyi mahnılar deyil. Bu səslərin neçə oktavalı səs olduğunu, musiqi savadım olmadığı üçün izah edə bilməyəcəm, amma onu deyə bilərəm ki, sözün əsl mənasında bu mahnılar üçün güclü “boğaz” lazımdır.
Bəylərin yeyib-içib dava etdiyi səhnə qurulan zaman, ortaya süfrə masası gələndə düşündüm “burda səhnənin bir balaca qurma olduğunu hiss edəcəyik, çünki balaca süfrədir də, üstündə də yemək yox. Nə yeyəcəklər, necə yeyəcəklər”, amma yanıldım. Belə baxırsan, süfrədə dişə dəyəcək nəsə yox idi, amma onların məclisinə baxanda özüm də həmin an acıdım. Ən çox da tamaşada “İntelligent Həsəni” ifa edən aktyor Əkbər Əlizadə iştahla “yeməsi” toyda partlayana qədər yeyib-içən, sonda da sağlıq deyən dayıların üz ifadəsini almışdı, “güclü yeyib-içmək”dən yanaqları belə qızarmışdı. Bilmirəm, onu necə bacardı, amma məndə xoş təəssürat yaratmışdı.
Məşədi İbad bəzən elə çığırırdı ki, “keçəl”ində əsəbdən qabaran damarlar belə görünürdü, yazıq lap əldən düşmüşdü. Qabaq sırada əyləşməyin belə üstünlüyü var, aktyorların mimikasını yaxından görə bilirsən.
Bəzən orkestri idarə edən dirijora fikir verirdim. Gözlərini yumaraq dirijora xas jestlərini edirdi. O, gözlərini yumanda elə düşünürdüm ki, o da mənim kimi başqa bir dünyadadır.
Hə dostlar, mən deməyəcəm, bu tamaşada yaxşı kimdir, pis kimdir. Hərə özünə görədir. Bir sözlə, tamaşa bitdi, pərdələr qapandı. Mən hələ də zamanı hiss etmirdim. Birdən yoldaşım Zarina “barmağın getdi, a qız” deyəndə ayıldım. Hə, düz deyir, alqışlamaqdan əllərimdə elə bil topa qarışqalar gəzirdi. O cür çıxış qarşısında borclu qalmaq heç insafdan olmazdı.
Aysun Qurbanzadə