AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur.
Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən qiymətli incisi burada fasiləsiz olaraq şölələnən ocaqdır. Təqribən 14 metr uzunluğunda zolaqda torpağın dərinliklərində gedən tektonik proseslər nəticəsində bərk süxurlarda əmələ gələn çatlardan sızan təbii qazın alışması “Yanardağ”ın yaranmasına səbəb olub. Bu gün dünyada bir neçə belə təbii qaz yanma mənbələri var ki, onların əksəriyyəti Azərbaycandadır.
Qoruğun tərkibində “Yanardağ” – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Təsadüfi deyil ki, “Yanardağ” və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib. “Yanardağ” və ətrafındakı ərazilər son Paleolit dövründən etibarən insanlar tərəfindən sıx məskunlaşılmış ərazilər olub. “Yanardağ” ətrafında tapılmış qaval daşı və digər qədim maddi-mədəniyyət nümunələri buna əyani sübutdur.