İyulun 7-10-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransanın Paris şəhərindəki qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 24-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 30-cu görüşü keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən tədbirlərdə ölkəmiz Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Təbriz Musayev və digər əməkdaşlardan ibarət nümayəndə heyəti tərəfindən təmsil olunub.
Plenar iclasda Şəbəkənin İstanbul Antikorrupsiya Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində ölkəmiz üzrə daha əvvəl təqdim olunmuş tövsiyələrin icrası ilə əlaqədar tərəqqi hesabatı müzakirə edilərək qəbul olunub.
Dəyərləndirmə nəticəsində ixtisaslaşmış antikorrupsiya qurumunun fəaliyyəti, dövlət satınalmalarında şəffaflıq, həmçinin məhkəmə sisteminin müstəqilliyinin təmini və digər istiqamətlərdə görülmüş tədbirlərin müsbət nəticələri vurğulanıb. Xüsusilə qeyd edilməlidir ki, ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə üzrə dövlət siyasəti ekspertlər tərəfindən olduqca yüksək qiymətləndirilib və müvafiq sahədə əldə etdiyi nəticələrə görə Azərbaycan region ölkələri arasında ilk yerlərdən birini tutur.
Bununla yanaşı, iclasda Ukrayna, Moldova və digər ölkələr üzrə dəyərləndirmə hesabatları qəbul edilib, Şəbəkənin 2023-2026-cı illər üzrə İş Proqramının icrası, habelə həyata keçirilmiş müxtəlif regional layihələr müzakirə olunub.
Nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində geniş məlumat verib.