Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasının motivləri əsasında “Ölülər” və onları diri saxlayan toplum” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Bakının Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin müəllim, şagird və məzunlarının iştirakı ilə hazırlanıb.
Həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Məmmədova əsəri səhnələşdirməklə gənc nəslin istedadını üzə çıxarmaq, şəxsi inkişafına təkan vermək və əldə olunan maddi vəsaitlə leykoz xəstəliyindən əziyyət çəkən məktəbin 9-cu sinif şagirdi Riyad Müftiyevin müalicəsinə yardım göstərmək kimi təşəbbüs irəli sürmüşdür. Riyad iki ildir ki, qan xərçəngi ilə mübarizə aparır. Hazırda İstanbul şəhərindəki Acıbadəm xəstəxanasında müalicə olunur. Təhsil aldığı məktəbin rəhbəri Arzu Azadəliyeva, pedaqoji kollektiv, şagird və valideynlər daim ona dəstək göstərirlər.
Tamaşada iştirak edən gənclər canlı ifaları ilə izləyicilərdə Mirzə Cəlil ruhunu oyatmışlar. Tamaşanın bədii rəhbəri 245 nömrəli məktəbin müəllimi Aynur Məmmədova, quruluşçu rejissoru həmin məktəbin məzunu Elçin Ağazadədir. Baş rollarda Elçin Ağazadə ( Kefli İskəndər) və Əkrəm Əmiraslanov (Şeyx Nəsrullah) iştirak edirdilər. Mətləb Əliyev, Neslihan Həsənli, Aysu Qurbanova, Emil Mirzəyev, Xədicə Əsgərzadə, İlkin Məmmədli, Elxan Məmişov, Əminə Hüseynova, Söhrab Məmmədov, Bəxtiyar İsmayılzadə və digər iştirakçıların yaratdığı obrazlar izləyicilərin böyük marağına səbəb oldu. Onlar tamaşadan xoş təəssüratlarla ayrıldılar.
“Ölülər” zülmətlə işığın, qaranlıqla aydınlığın üz-üzə qaldığı bir əsərdir. Tamaşanın sonunda cəhalət qurbanlarının qaranlıqda qalması, körpə fidanların İskəndərin nuruna sığınması gələcəyə inamlı baxışın ifadəsi idi.
Tamaşadan sonra toplanan vəsait ianə olaraq Riyad Müftiyevin anası Zümrüd Abdurzayevanın bank hesabına köçürülüb.