Omanın vasitəçiliyi ilə ABŞ və Yəmən husiləri arasında atəşkəs razılaşması Qırmızı dənizdə naviqasiya azadlığını təmin edəcək. Bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi deyib.
“Mən təsdiq etməkdən məmnunam ki, Qırmızı dənizdəki vəziyyətlə bağlı son xəbərlər diplomatik səylərin Yəməndə ABŞ və Ənsar Allah arasında münaqişəyə son qoyması deməkdir. Onlar artıq bir-birlərinə hücum etməyəcəklər ki, bu da Qırmızı dənizdə beynəlxalq ticarət gəmiçiliyi üçün naviqasiya azadlığını təmin edəcək”, – nazir özünün X səhifəsində yazıb.
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp bildirib ki, husilər Qırmızı dənizdə gəmiçiliyə hücumu dayandırmağa razılaşıblar, buna görə də ABŞ qüvvələri Yəməndəki üsyançıların hədəflərini vurmayacaq. Trampın bəyanatından qısa müddət sonra Omanın xarici işlər naziri bildirib ki, ABŞ və husilər sultanlığın vasitəçiliyi ilə Yəməndə atəşkəsə razılaşıblar. Onun sözlərinə görə, razılaşma husilərin Bab əl-Məndeb boğazından keçən gəmilərə, o cümlədən Amerika gəmilərinə hücumlardan çəkinəcəyini nəzərdə tutur. (Tass )