Bu gün – iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günüdür. Mövzu ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Səbinə xanım, məlumdur ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib və həmin vaxtdan bəri hər il qeyd olunur. Bu il mayın 18-dən iyunun 18-dək olan müddət Sizin tərəfinizdən İnsan Hüquqları Aylığı elan edilib. Aylıq çərçivəsində bu istiqamətdə keçirilən tədbirlər barədə məlumat verməyinizi xahiş edirik. İnsan Hüquqları Aylığı çərçivəsində qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildinizmi?
-Ənənəvi olaraq hər il olduğu kimi bu il də tərəfimizdən İnsan Hüquqları Aylığı elan edilməsində əsas məqsəd cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi idi.
Bununla bağlı dövlət orqanlarına, bələdiyyələrə, elm, təhsil, mədəniyyət, sosial xidmət, tibb, penitensiar müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına, media subyektlərinə, həmkarlar ittifaqlarına və digər aidiyyəti qurumlara açıq müraciət ünvanlamış və çağırış etmişdik.
Təqdirəlayiq haldır ki, çağırışımıza əsasən insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqət daha da artırılmaqla, bu məsələyə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil edilib, bu barədə məlumatlar isə #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə sosial şəbəkə hesablarında paylaşılmaqla ictimaiyyətin diqqətinə çatdırılıb.
Aylıq çərçivəsində keçirilən maarifləndirmə kampaniyaları zamanı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlərdən, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən irəli gələn mövzulara üstünlük verilməsi ilə bağlı tövsiyələrimiz nəzərə alınıb. Bundan əlavə, şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər, miqrantlar da daxil olmaqla sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmini məsələlərinə xüsusi həssaslıq göstərilib, hüquqi-maarifləndirici vəsaitlərin hazırlanması, nəşri və əhali arasında yayılması, keçirilən tədbirlərin, çəkilən reklam çarxlarının audiovizual, çap, onlayn media, həmçinin teleradio kanalları, sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması işində fəallıq nümayiş etdirilib.
Keçirilən hüquqi maarifləndirmə tədbirlərində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti”, “Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu”, “Müasir dövrdə insan hüquqlarının aktual problemləri”, “Azərbaycan Respublikasında Konstitusiya ədalət mühakiməsi ilə insan hüquqlarının müdafiəsi”, “İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin əsas məqsədidir”, “Normayaratma fəaliyyətində insan hüquqlarının təminatı”, “İnsan hüquqları istiqamətində islahatlar”, “Azərbaycan polisinin fəaliyyətində insan hüquqları standartları”, “İnformasiya əldə etmək hüququ”, “İnsan hüquqları və dayanıqlı inkişaf məqsədləri”, “İnsan hüquqları və ətraf mühit”, “Sağlam ətraf mühitdə yaşamaq hüququ”, “İqlim dəyişikliyi və insan hüquqları”, “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri”, “Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur”, “İnsan hüquqları və onların qorunması”, “İnsan alveri ilə mübarizə”, “Sağlam həyat tərzi”, “Narkomaniyaya yox deyək”, “Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması”, “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri”, “Regionlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları və onların təminatı”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, tənzimlənməyən vəziyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları”, “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı”, “Məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi”, “Əmək sahəsində beynəlxalq hüquqi standartlar və onların Azərbaycanda tətbiqi”, “Uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsi: tibbi-sosial və hüquqi aspektlər”, “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Uşaqların istismardan və zərərli təsirlərdən müdafiəsi” kimi bir çox aktual mövzularda məruzələr edilib, səmərəli fikir mübadilələri və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ombudsman Aparatı və Aparatın regional mərkəzləri tərəfindən hər il olduğu kimi paytaxt Bakıda və respublikanın regionlarında keçirilən hüquqi maarifləndirmə tədbirlərində isə iştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının bu sahədə gördüyü işlər barədə də ətraflı məlumat verilib.
Bütün bunlar isə bir daha göstərir ki, tərəfimizdən elan olunmuş Aylıq dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bilmişik. Buna görə də insan hüquqlarına dair müxtəlif maarifləndirici tədbirlər keçirməklə media subyektləri və sosial şəbəkə hesabları vasitəsilə işıqlandırılması sahəsində göstərdikləri fəallığa və vermiş olduqları töhfələrə görə bütün aidiyyəti qurumlara, vətəndaş cəmiyyəti institutlarına, eləcə də qeyri-hökumət təşkilatlarına və media subyektlərinə dərin təşəkkürümü bildirmək istəyirəm.
– Həssas əhali qruplarının, o cümlədən qadınların, uşaqların və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində hansı işlər aparılır?
– Müstəqil məhkəmədənkənar hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatı cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəsin ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
Bu mənada Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxmaqla ölkəmizin yurisdiksiyası altında olan hər kəsin, eləcə də uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, şəhid ailələrinin və müharibə veteranlarının, hərbi qulluqçuların, habelə sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsini heç bir ayrı-seçkiliyə yol verilmədən həmişə diqqət mərkəzində saxlayırıq. Qeyd olunan istiqamətdə fəaliyyətimiz əsasən əhalinin sosial cəhətdən həssas qruplarından və ya onları təmsil edən səlahiyyətli nümayəndələrdən daxil olan müraciətlərin operativ qaydada araşdırılması, habelə həmin qəbildən olan şəxslərə dair hüquqi maarifləndirmə işinin həyata keçirilməsi məsələlərini əhatə edir.
Eyni zamanda, ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən davamlı islahatlar fonunda yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklərə əsasən Ombudsman “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi səlahiyyətinə də malikdir. Bu çərçivədə qadınların, uşaqların və əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə zəruri addımlar atılır.
Bundan əlavə, Ombudsman tərəfindən təsdiq edilmiş cari il üzrə hüquqi maarifləndirmə sahəsində tədbirlər planına əhalinin sosial cəhətdən həssas qruplarının hüquqlarını təbliğ edən mövzularda tədbirlərin keçirilməsi də daxil edilib və hazırda icra olunmaqdadır.
Bir məsələni də vurğulamaq istərdim ki, tərəfimizdən əhalinin müxtəlif qrupları ilə yanaşı, dövlət orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının və digər qurumların nümayəndələrinə ünvanlanmış insan hüquqları sahəsində maarifləndirmə işinin də həyata keçirilməsinə mühüm önəm verilir, eyni zamanda, müvafiq qurumlar tərəfindən təşkil olunan analoji tədbirlərdə məruzəçi və ya təlimçi qismində iştirak edilir.
– Cari il ərzində Ombudsmanın “916” nömrəli vahid Çağrı Mərkəzinə neçə müraciətin daxil olması yəqin ki, cəmiyyət üçün də maraqlı olardı. Müraciətlər əsasən hansı məsələləri əhatə edib?
– Ombudsmana müraciət imkanını asanlaşdıran Çağrı Mərkəzinin fəaliyyəti təsisatda bu müraciətlərə çevik reaksiya verilməsi və müvafiq təhlillərin aparılması üçün geniş şəraitin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
2024-cü ildə cari ayadək (iyun ayına qədər – red.) Ombudsmanın Çağrı Mərkəzinə 4 min 477 zəng daxil olub. Bu müraciətlərin statistikasına nəzər yetirdikdə görürük ki, kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə-müalicə, qeyri-obyektiv təhqiqat/istintaq, əlilliyin müəyyən edilməsi, müraciətin qeydə alınmaması, məşğulluq, məhkəmə qərarının icra olunmaması, aliment və digər məsələləri əhatə edib.
Təbii ki, ənənəvi formada daxil olan müraciətlərdə olduğu kimi Ombudsmanın ünvanına Çağrı Mərkəzi vasitəsilə də daxil olan hər bir müraciətə çox həssaslıqla yanaşılır, insanların üzləşdikləri problem və çətinliklərlə bağlı şikayətlər operativ şəkildə araşdırılır, onların həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciətlər edilir, pozulmuş hüquqların bərpasına yönəlmiş tədbirlər görülür, məsələ daim nəzarətdə saxlanılır, təhlillər aparılır və müvafiq təkliflər irəli sürülür.
Çağrı Mərkəzinə daxil olan bütün zənglərin rüblük təhlili aparıldıqdan sonra ehtimal olunan hüquq pozuntuları və məzmun, həmçinin əhali qrupları, qurumlar üzrə statistik məlumatlar ümumiləşdirilərək Ombudsmanın rəsmi internet səhifəsində, eyni zamanda, Ombudsmanın sosial şəbəkələrdəki rəsmi hesablarında yerləşdirilir. Bu barədə əlavə informasiyanı Ombudsmanın saytında müvafiq bölməyə daxil olmaqla əldə etmək mümkündür.
– Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə və müharibə cinayətlərinin, mina terrorunun beynəlxalq aləmə çatdırılması istiqamətində Ombudsman tərəfindən hansı addımlar atılır?
– Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə və müharibə cinayətlərinin, mina terrorunun ifşası məqsədilə tərəfimizdən çoxsaylı bəyanat, müraciət və hesabatlar hazırlanaraq BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNİCEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Yeri gəlmişkən, “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair”, “İşğaldan azad edilmiş ərazilərdə mina probleminə dair”, “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair”, “İşğaldan azad edilmiş ərazilərimizdəki dağıdılmış qəbiristanlıqlarda yerində araşdırmaların nəticələrinə dair”, “Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair”, “Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı” hesabatlarda, həmçinin tərəfimizdən hazırlanan digər bu kimi sənədlərdə dünya ictimaiyyətinə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn prinsip və normalarına zidd olaraq, azərbaycanlılara qarşı kəskin nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətmiş olduğu çoxsaylı sülh və insanlıq əleyhinə, müharibə, terror, habelə ekoloji cinayətlərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması qəti şəkildə tələb edən çağırışlar edilib.
Dəvətimizlə ölkəmizə səfər etmiş müxtəlif beynəlxalq təşkilatların və milli insan hüquqları təsisatlarının nümayəndə heyətləri də müstəqil şəkildə apardıqları araşdırmalar zamanı Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin şahidi olduqdan sonra həmin faktları təsdiqləyən hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara təqdim ediblər.
Lakin təəssüflər olsun ki, Azərbaycana münasibətdə tətbiq olunan ikili standartlar səbəbindən hələ də səlahiyyətli beynəlxalq qurumlar tərəfindən mövqeyimizi dəstəkləyən konkret bir addım atılmayıb.
Bununla belə bəzi beynəlxalq yazışmalarda bizim də təqdim etdiyimiz sənədlərə istinadlar olunur. Belə ki, Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi vəsatətdə Ombudsman tərəfindən müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad edilib və təqdirəlayiq haldır ki, həmin vəsatət təmin olunub.
Ombudsman təsisatı olaraq qarşımızda duran əsas məsələlərdən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, habelə əsir və itkin düşmüş, girov götürülmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqlarının kütləvi şəkildə pozulması, işğal dövründə ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması, təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurulması ilə bağı faktların dünya ictimaiyyətinə çatdırılması, həmçinin onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq qurumlarla əməkdaşlığın davam etdirilməsidir.
Beynəlxalq insan hüquqları təşkilatları ilə bu sahədəki əməkdaşlığımız yalnız toplanmış faktlar əsasında həmin qurumlara təqdim etdiyimiz hesabat, bəyanat, müraciət və digər bu kimi hüquqi əhəmiyyət kəsb edən sənədlərlə məhdudlaşmır. Ombudsman təsisatı olaraq, həm də xarici səfərlər, beynəlxalq əhəmiyyətli tədbirlər, səlahiyyətli şəxslərlə görüşlər zamanı Ermənistan tərəfindən mülki azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması faktlarını aidiyyəti beynəlxalq qurumların və ya rəsmi şəxslərin diqqətinə çatdıraraq, Azərbaycan həqiqətləri barədə onları ətraflı şəkildə məlumatlandırır, bu məsələdə ədalətli və qərəzsiz mövqe nümayiş etdirməyə çağırırıq.
Bəzi xarici dairələrində və media resurslarında Azərbaycana qarşı demək olar ki, ənənəvi hal almış ikili standartlarla müşayiət olunan, ölkəmizə münasibətdə pozitiv ictimai rəyin formalaşdırılmasına mənfi təsirlər göstərən neqativ informasiyaların yayılmasına baxmayaraq, hələ də dünyada qanunun aliliyinə sadiq olan, insan hüquqlarına hörmət bəsləyən, həqiqətə və sağlam düşüncəyə maraq göstərən şəxslərin olduğuna inanır və buna görə də transmilli məhkəmələrin bu barədə qərarlar qəbul edərkən birbaşa qanunun tələblərini üstün tutaraq ədalətli mövqe nümayiş etdirəcəklərinə ümid bəsləyirik.
– İşğaldan azad edilən ərazilərimizdə indiyədək 20-dək kütləvi məzarlıq aşkar edilib, orada ən azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb. Yəqin bununla da əlaqədar beynəlxalq təşkilatlarla işlər aparılır. Bu barədə də məlumat verməyinizi xahiş edirik.
– İşğaldan azad edilmiş ərazilərimizdəki kütləvi məzarlıq yerləri barədə dəqiq məlumatın hələ də Ermənistan tərəfindən ölkəmizə təqdim olunmaması səbəbindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsini və onların ailələrinin uzun illərdir ki, davam edən iztirablarına son qoyulmasını çətinləşdirir. Biz bu məsələnin həllinə nail olmaq məqsədilə dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edərək Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının və insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı faktları onların diqqətinə çatdırmışıq.
Eyni zamanda, Ombudsman təsisatı tərəfindən hazırlanaraq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təşviqi ilə məşğul olan digər beynəlxalq qurumlara təqdim olunmuş “İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda aparılmış müstəqil yerində araşdırmanın nəticələrinə dair” hesabata daxil edilmiş kifayət qədər dolğun faktlar azərbaycanlılara qarşı kəskin etnik nifrət zəminində çoxsaylı ağır cinayət əməllərinin törədilməsində təqsirkar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsinə əsas verir.
Bu baxımdan həmin hesabatda yer almış müraciətdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunmuş vəzifəli şəxslərə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi tələbi də öz əksini tapıb.