Azərbaycanın müasir tarixi, xüsusilə son onilliklər xalqın milli iradəsinin, dövlətin strateji uzaqgörənliyinin və güclü liderliyin vəhdəti ilə yazılmış şanlı salnamə kimi yadda qalır. Bu salnamənin ən parlaq səhifələrindən biri Aprel döyüşləri ilə başlayaraq Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə ilə zirvəyə ucalan tarixi Zəfər yoludur. Bu yolun memarı isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.
O bildirib ki, məhz Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibə şəraitində yaşayan dövlət kimi hər zaman güclü orduya malik olmalı idi və bu strateji xətt ardıcıl şəkildə həyata keçirildi. Aprel döyüşləri Ermənistan ordusunun illərlə yaratdığı “məğlubedilməzlik” mifini darmadağın etdi. Bu, həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Azərbaycan cəmiyyəti öz ordusuna inamını daha da möhkəmləndirdi, xalq ilə ordu arasında sarsılmaz birlik formalaşdı.
Bu qələbənin arxasında duran əsas amillərdən biri də Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi idi. Prezident İlham Əliyev yalnız hərbi sahədə deyil, diplomatik müstəvidə də Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqda misilsiz xidmətlər göstərdi. Beynəlxalq platformalarda, nüfuzlu tədbirlərdə, o cümlədən yüksəksəviyyəli müzakirələrdə Ermənistanın işğalçı siyasətini konkret faktlar və hüquqi arqumentlərlə ifşa edən dövlətimizin başçısı, Azərbaycanın ərazi bütövlüyünün bərpasının alternativsiz olduğunu ardıcıl şəkildə bəyan etdi.
“Aprel döyüşləri ilə başlayan bu yüksəliş xətti 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində öz kulminasiya nöqtəsinə çatdı. Bütün dünya 44 gün ərzində Azərbaycan Ordusunun şanlı Zəfər yürüşünə şahid oldu. Bu möhtəşəm Qələbə təkcə hərbi uğur deyil, həm də siyasi iradənin, milli birliyin və güclü liderliyin təntənəsi idi. Dövlətimizin başçısının prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanan siyasəti və milli maraqlara söykənən strategiyası ölkəmizin qələbəsini şərtləndirən əsas amillərdən biri oldu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, azad olunmuş torpaqlarda həyatın yenidən canlanması da məhz həmin uzaqgörən siyasətin davamıdır. Vaxtilə Lələtəpədə ucaldılan üçrəngli bayraq bu gün azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır və bu, Azərbaycanın gücünün, xalqın əzminin və liderin qətiyyətinin rəmzidir”,- deyə K.Qənbərov vurğulayıb.
O əlavə edib ki, indi azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri təkcə iqtisadi layihə deyil, bu, dövlətin gücünün, xalqın öz torpağına bağlılığının və gələcəyə olan inamının real təcəssümüdür. Qısa müddət ərzində inşa olunan yollar, hava limanları, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri göstərir ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmir, eyni zamanda, həmin torpaqlarda yeni həyat qurur, yeni inkişaf modeli yaradır. Bu isə bir daha təsdiq edir ki, qələbə yalnız döyüş meydanında deyil, həm də quruculuqda, inkişafda və davamlı sabitlikdə ölçülür.
