ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə mümkün qələbəsi və Ağ Evə qayıtması iqtisadi baxımdan Avropa üçün ideal olmasa da, Avropa İttifaqının xeyrinə olardı. Bu fikri Macarıstanın baş naziri Viktor Orban “The Pioneer” xəbər portalına müsahibəsində bildirib.
Macarıstan hökumətinin başçısı oktyabrın 14-də Berlinə səfəri zamanı portala müsahibə verib. O qeyd edib ki, Aİ-də Trampı açıq şəkildə dəstəkləyən yeganə siyasətçidir. Macarıstan hökumətinin başçısı ABŞ-ın keçmiş prezidentinin təcrübəsini xatırladaraq, “O, qalib gəlsə, bu, Avropa üçün, Avropadakı bütün sülhsevər insanlar üçün yaxşı olacaq” dedi. Orbanın sözlərinə görə, Respublikaçı Trampın dövründə Co Bayden və Kamala Harrisin rəhbərlik etdiyi indiki Demokratik administrasiya dövründə olduğu kimi şiddətli beynəlxalq münaqişələr olmayıb.
Eyni zamanda, iqtisadi nöqteyi-nəzərdən Trampın Avropa üçün “ideal seçim olmadığını” etiraf edən Orban əlavə edib ki, seçkidə qalib gələrsə, ABŞ və Aİ arasında ticarət məsələləri üzrə çətin danışıqları proqnozlaşdırır. “Bizim maraqlarımız heç də hər şeydə üst-üstə düşmür”, – baş nazir xatırladıb.
O, əmin olduğunu bildirib ki, Tramp prezident kürsüsünə qayıdarsa, bütün gücü ilə Amerikanın maraqlarını müdafiə edəcək. “Lakin sual ondan ibarətdir ki, biz avropalılar da öz maraqlarımızı daha qətiyyətlə müdafiə etməliyik”, – Orban vurğulayıb. (Tass)