Aİ rəhbərliyinin Ukraynanın icmaya qoşulmasını təmin etmək səyləri Macarıstanda iş yerlərinin milyonlarla ukraynalı miqrant tərəfindən doldurulması ilə nəticələnəcək. Bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə gənclərin işçi peşələri festivalında çıxışı zamanı deyib.
Hökumət başçısı Ukraynanın Aİ-yə qəbulu məsələsi ilə bağlı hazırda ölkədə keçirilən ümumxalq referendumunun böyük əhəmiyyətini qeyd edib. “Növbəti 20 iliniz, həyatınızın ən aktiv, məhsuldar və perspektivli iki onilliyi bundan asılı olacaq”, – Orban macar gənclərinə müraciət edərək xəbərdarlıq edib.
“Əgər siz Macarıstanın gələcəkdə miqrantlardan azad olmasını istəyirsinizsə və milyonlarla ukraynalı fəhlənin sizin işinizi ələ keçirib maaşlarınızı kəsməsini istəmirsinizsə, o zaman sizin yerinizə heç kimin qərar verməsinə imkan verməyin”, – deyə baş nazir hər kəsi səsvermədə iştirak etməyə çağırıb. (Tass)