Bakıda iyul ayında “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılmasına dair sənədlərin imzalanması baş tutacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-lərinə müsahibəsində bildirib.
O qeyd edib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi enerji, siyasi və iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir.
Nazir müavini Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişinin üç ölkənin liderləri tərəfindən 2024-cü il noyabrın 13-də COP29-da imzalandığını xatırladıb.
“Səudiyyə Ərəbistanı tərəfindən böyük maraq göstərilir. Səudiyyənin elektrik enerjisi şirkəti üç ölkə ilə layihəyə, xüsusilə də ötürmə komponentinə (“yaşıl enerji”) maraq göstərdiyinə dair ilkin memorandum imzalayıb. Birgə müəssisənin qərargahı Bakıda yerləşəcək. Gələn ay Bakıda birgə müəssisənin yaradılmasına dair sənədlər imzalanacaq”, – o qeyd edib.
O.Zeynalov bildirib ki, yaxın zamanda layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq: “Ən əsası odur ki, bu dəhlizin Xəzər dənizi və Qara dənizlə birləşdirilməsi üçün yaxşı potensial var. Bununla biz Mərkəzi Asiyadan başlayan və Avropaya qədər uzanan daha böyük qarşılıqlı əlaqəli dəhliz haqqında danışa bilərik”.