Azərbaycan Akademik Musiqili Dram Teatrında iyulun 18-də “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə anşlaqla keçib.
Ritorika.az xəbər verir ki, tamaşa “Mədəniyyət” kanalının efirində də canlı yayımlanıb.
Tamaşada dövrün acınacaqlı vəziyyəti, mövhumata inam, insanların mövcud vəziyyətlə razılaşması məsələləri vurğulanıb, kilsənin insanlar, hətta kral üzərindəki hakimiyyəti əksini tapıb.
Auditoriyada maraq doğuran Kvazimoda adının mənasını səmimi hislərlə səsləndirib: “Kvazimoda pasxadan sonrakı ilk bazar günüdür. Atam məni kilsənin qarşısından götürdüyü günün adı ilə adlandırıb”.
Qeyd edək ki, tamaşa Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib. Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Bu dəfə tamaşada Xalq artisti Pərviz Məmmədrzayev, aktyorlar Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Nicat Əli, Aydan Həsənova, Emin Zeynallı, Hüseyn Əlili, Zaur Əliyev, Şaban Cəfərov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov iştirak ediblər.
Xatırladaq ki, “Paris Notr-Dama ithaf” Musiqili Dram Teatrının səhnəsində daim anşlaqla keçib.
Şəms Ajax