Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad Gürcüstan prezidenti Salome Zurabişvilinin həbslə hədələnməsini qəbuledilməz adlandırıb. Bu barədə o, X-də (keçmiş Twitter) yazıb.
“Gürcü Arzusu”nun prezident Salome Zurabişvilini həbslə hədələməsi qəbuledilməzdir və nümayişçilərə qarşı zorakılıq və hədə-qorxuya son qoyulmalıdır”, – o yazıb.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, ölkənin səlahiyyət müddəti başa çatan prezidenti Salome Zurabişvili müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yeni parlament seçkilərinin keçirilməsini müzakirə edib. O, vurğulayıb ki, prezident qanunda nəzərdə tutulmayan hər hansı səbəbdən yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq. Kobaxidze həmçinin ümid etdiyini bildirib ki, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Zurabişvilini iqamətgahdan zorla çıxarmaq və həbs etmək lazım olmayacaq.