Həm innovasiya, həm təhsil sahəsinə önəm verən “PAŞA Holding” ölkəmizdə innovasiya ekosisteminin inkişafını dəstəkləyən və sahibkarlıq biliklərini aşılayan “SABAH.HUB” İnnovasiya Mərkəzinin layihələrinə maliyyə dəstəyi göstərir.
AZƏRTAC xəbər verir ki, “SABAH.HUB” platformasında 150-dən çox startap komandası formalaşıb, 10 universitetə giriş əldə olunub və 200 komanda inkubasiya proqramına vəsiqə qazanıb.
“Həm təhsil, həm innovasiya sahələri hazırda bütün ölkələrin inkişafına təkan verən və ümumilikdə gələcəklərini formalaşdıran əsas sahələrdəndir. Odur ki, hər iki sahənin inkişafı şirkət olaraq bizim üçün çox önəmlidir”, – “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Qeyd edək ki, innovasiya ekosisteminə dəstək göstərmək məqsədilə “PAŞA Holding” dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə yerli startaplar üçün inkişaf və karyera məsləhətləri proqramları təşkil edir, biznes “angels”lər üçün təlimlər keçirir, texniki sahələr üzrə təhsil alan tələbələrə təqaüd təqdim edir, onların dünyanın önəmli innovasiya tədbirlərində iştirakını təmin edir, bu sahədə mentorların yetişdirilməsini dəstəkləyir, eləcə də yerli inkubasiya, akselerasiya proqramları və vençur mərkəzlərinə dəstək göstərir.
Bundan əlavə “PAŞA Holding”in dəstəyi ilə regionlarda innovasiya mərkəzlərinin formalaşması da planlaşdırılır. Xatırladaq ki, “PAŞA Holding”in dəstəyi ilə ölkədə ilk Vençur Kapital fondu, eləcə də kibertəhlükəsizlik məktəbi fəaliyyətə başlayıb.