Məlumat verildiyi kimi, “PAŞA Holding” İnmerge İnovasiya Sammitini təşkil edir. Dünən – 30 noyabr sammitin ilk günü baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışı zamanı “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov tədbir iştirakçılarını salamlayıb, sammitin təşkilinin əsas məqsədi, eləcə də bu sammitin ölkəmiz və region üçün önəmi barədə danışıb.
“Ölkəmizdə və regionda innovasiya ekosisteminin dəstəklənməsi əsas prioritetlərimizdəndir. Düşünürəm ki, hazırkı sammit bu hədəfə çatmağa böyük töhfə verəcək”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Bu sammit texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiyayönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək məqsədi daşıyır.
Tədbirin ilk günü çərçivəsində sammitin açılışı üçün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan da səhnədə idilər. Onların çıxışının ardınca isə hamını həyəcanlandıran təqdimat baş tutub və Steve Vozniak gələn hər kəsi salamlayıb. O öz çıxışı zamanı məktəb vaxtlarındakı mühəndislik uğurlarına, Stiv Cobs ilə tanışlığına, həmçinin “Apple”ın ilk günlərindən hekayələrə yer verib.
Bütün bunlarla yanaşı, “PAŞA Holding” dünyanın müxtəlif ölkələrindən iştirakçıları maliyyə texnologiyaları və telekommunikasiya vertikallarında, eləcə də təlimlərdə bir yerə toplayıb. Sammit çərçivəsində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması olub. Memorandumu “PAŞA Holding”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov imzalayıblar.
Qeyd edək ki, bu gün regionun ən böyük innovasiyalar sammitinin ikinci günü keçirilir.