Azərbaycan prezidenti İlham Əliyevin bəyanatları danışıqların məntiqinə ziddir və bütün regionda gərginlik yaradır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib.
“Baş nazir Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə və sülh prosesinə toxunub. Həmsöhbətlər Azərbaycan Prezidentinin son bəyanatlarından narahat olduqlarını bildiriblər. Danışıqların bütün məntiqinə zidd olan və regionda gərginliyin artmasına töhfə verən bu kontekstdə Baş nazir beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda sabitlik və sülhə yönəlmiş müvafiq reaksiya və addım atmasının vacibliyini vurğulayıb”. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. (Tass)