ABŞ Müdafiə Nazirliyi Şimali Koreyanın kəşfiyyat peykinin Ağ Evin və Pentaqonun görüntülərini çəkdiyinə dair xəbərlərin doğruluğunu təsdiq edə bilmir. Bu barədə TASS-a Pentaqonun nümayəndəsi məlumat verib.
“Biz bu bəyanatın doğruluğunu təsdiq edə bilmərik” dedi ABŞ müdafiə rəsmisi müvafiq sorğuya cavab olaraq.
Daha əvvəl Reuters Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər vermişdi ki, Şimali Koreya lideri Kim Çen In artıq Ağ Evin və Pentaqonun KXDR-in kəşfiyyat peyki tərəfindən çəkilmiş fotoşəkilləri ilə tanış olub. Agentliyin məlumatına görə, peyk ABŞ-ın Norfolkdakı (Virciniya) hərbi bazasındakı təyyarədaşıyan gəmilərin fotolarını da çəkib.
Noyabrın 21-də Şimali Koreya kəşfiyyat peykini kosmosa göndərib. Buna cavab olaraq, noyabrın 22-də Koreya Respublikası gərginliyi azaltmaq üçün Koreyalararası razılaşmanı qismən dayandırdığını elan etdi. Bu tədbir uçuşa qadağan zonalar haqqında müddəalara aid idi. Noyabrın 23-də KXDR Müdafiə Nazirliyi artıq bütün razılaşmaya əməl etməyəcəyini və sənəddə qadağan olunmuş tədbirlərin tətbiqinə yenidən başlayacağını bəyan edib. (Tass)