Moldovada müxalifət hər cür sıxışdırılır və insanlar faktiki olaraq öz istədiklərinə səs vermək imkanından məhrum edilirlər. Bunu TASS-ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Moldovada müxalifətin hər cür sıxışdırıldığını, insanların öz istədiklərinə səs vermək imkanından faktiki olaraq məhrum edildiyini görürük. Və təbii ki, hazırda bu ölkədə demokratiya qaydaları və normalarının hər cür tapdalanmasından danışırıq”, – Peskov TASS-ın Kremlin bu qərarın siyasi motivli olub-olmaması ilə bağlı sualını cavablandırıb.