Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə kifayət qədər tez hazırlaşmağı lazım bilir.
“Mütləq belə bir görüşün kifayət qədər tez keçirilməsinə ehtiyac var. Dövlət başçılarının danışacaqları çox şey var. Gündəlikdə dünən telefon danışığı zamanı qısa şəkildə qeyd olunan çoxlu mövzular var. Amma hələlik hər hansı tarixdən danışmaq mümkün deyil, çünki hazırlıq işləri yalnız bu günlərdə başlayacaq”, – o, görüşün perspektivləri ilə bağlı sualı cavablandırıb.
Peskova bu barədə Rusiya Federasiyası və ABŞ prezidentlərinin dünənki söhbəti kontekstində sual verilib. Liderlər şəxsi görüşlər təşkil etmək barədə də razılığa gəliblər.
Tramp daha sonra jurnalistlərə bildirib ki, danışıqlar Səudiyyə Ərəbistanında baş tuta bilər. Onun sözlərinə görə, təmasların təşkilində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud iştirak edir. Tramp izah edib ki, görüşün vaxtı hələ müəyyən edilməyib, lakin o, “çox da uzaq olmayan gələcəkdə” baş tutacaq. (Tass)