Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.
“Bu halda biz ehtimaldan yox, qaçılmazlıqdan danışmalıyıq və biz bunu belə qiymətləndiririk” deyə o, Kremlin eskalasiya risklərini və NATO arasında birbaşa münaqişə ehtimalını necə qiymətləndirdiyi ilə bağlı suala cavab verib.
Peskov əlavə edib ki, NATO ölkələri də bu cür hərəkətlərin nəticələrini “qiymətləndirməli” və bundan xəbərdar olmalıdırlar. “Və sual verin ki, bu, onların maraqlarına, ən əsası isə öz ölkələrinin vətəndaşlarının maraqlarına uyğundurmu” – Peskov yekunlaşdırıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa liderlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Ukraynaya quru qoşunlarının rəsmi göndərilməsi ilə bağlı konsensusun olmadığını bildirsə də, gələcəkdə belə bir ehtimalı da istisna etməyib. O əlavə edib ki, Qərb ölkələri “Rusiyanın münaqişədə üstünlüyü əldə etməməsi üçün nə lazımdırsa etmək niyyətindədir”. (Tass)