“Peterburq teatr mövsümləri” beynəlxalq festivalının təşkilatçıları və iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı direktorunun müavini, Əməkdar Mədəniyyət işçisi İlham Məmmədov, “Peterburq teatr mövsümləri” beynəlxalq festivalının direktoru Aleksey Smokotov, festivalın bədii rəhbəri Viktor Minkov, “Komediant sığınacağı” teatrının aktyorları – Rusiyanın Əməkdar artisti Zoya Buryak və aktyor Vladimir Krılov, həmçinin başqa qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, onun məzarının üstünə gül dəstələri düzüblər.
XVII illik “Peterburq teatr mövsümləri” beynəlxalq festivalı Bakıda “Heydər Əliyev İli” çərçivəsində Sankt-Peterburq şəhərinin Mədəniyyət Komitəsi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Noyabrın 21-dən 26-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Komediant sığınacağı” Dövlət Dram Teatrı, V.F.Komissarjevskaya adına Akademik Dram Teatrı, “Baltik evi” teatr-festivalı və “Kukla formatı” teatrının ən yaxşı tamaşaları təqdim olunur.