Seçki prosesinə qanunsuz müdaxilələrin qarşısını təkcə polis ala bilər.Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.O, qarşıdan gələn parlament seçkiləri zamanı polisin gücləndirilmiş iş rejimində çalışmasının nəinki vətəndaşların xeyrinə olacağını bildirib:“Seçkiqabağı təşviqat materialların yayılmasının, qanunsuz müdaxilələrin qarşısını təkcə polis ala bilər. Həmişə belə tədbirlərdə polis gücləndirilmiş iş rejimində çalışıb və çalışmalıdır. Amma bu o demək deyil ki, polis seçki qutusunun başında dayanacaq. Polisin özünün təhkim olunmuş yeri var və bu dünyanın hər yerində belədir”.V.İskəndərov, bəzi resursların belə məsələləri hakimiyyətin seçki saxtakarlığı kimi qələmə verməsinin cəfəngiyat və absurd olduğunu söyləyib:“Seçkiqabağı təşviqatın pozulması və bənzər halları Mərkəzi Seçki Komissiyası və digər qurumlar deyil, polis həll edir. Ona görə də buna dövlətin üzərinə düşən vəzifə kimi baxılmalıdır. Əksini düşünənlər xəstə təxəyyülü insanlardır. Seçkilərdə ayrılmış açıq və qapalı yerlərdən kənarda qanunsuz aksiyaların keçirilməsi, ictimai asayişin pozulması hallarını polis bütün qanuni, hüquqi vəzifələrini icra edərək aradan qaldırır. Ötən günlərdə Mərkəzi Seçki Komissiyasında keçirilən müşavirədə parlament seçkilərində dövlətin üzərinə düşən vəzifələr dairə seçki rəhbərləri ilə müzakirəsi, Prezident İlham Əliyevin köməkçisi, Zeynal Nağdəliyevin vəzifəli şəxslərə müraciəti dünya standartlarına uyğun, şəffaf, demokratik seçkilərin keçirilməsinə hesablanıb. Hər zaman olduğu kimi yenə seçkilər uğurlu şəkildə keçiriləcək”,- deyə V. İsgəndərov qeyd edib.
