180 Cənubi Koreya K2 tankının Polşada istehsalına dair müqavilənin imzalanması ilə bağlı heç bir təhlükə yoxdur, əksinə mediada yayılan məlumatlar həqiqətə uyğun gəlmir. Bu barədə Polşa Silahlanma Agentliyi (Müdafiə Nazirliyinə tabe olan struktur) məlumat verib.
“Bu gün [Rzeczpospolita qəzetində] məqalənin dərci ilə əlaqədar sizə bildirmək istərdik ki, hazırda K2 tanklarının növbəti partiyasının alınması, eləcə də onların Polşa standartlarına uyğun modifikasiyası üzrə ikinci müqavilə müzakirə olunur. Polşada istehsal təhlükə altında deyil. Avqustun 9-da biz Hyundai Rotem və PGZ SA arasında danışıqların son mərhələsinə keçdik”, – agentlik X-də (əvvəllər Twitter) yazıb. Söhbət Polşada 180 belə tankın, həmçinin 81 dəstək döyüş maşınının və sursatın alınması və istehsalından gedir.
Avqustun 23-də “Rzeczpospolita” qəzeti yazıb ki, Polşa hökumətinin Cənubi Koreyaya məxsus K2 tanklarının Polşada istehsalını təşkil etmək planları ölkədə bunun üçün şirkətlərin və istehsal infrastrukturunun olmaması səbəbindən sual altındadır. Rzeczpospolita hesab edir ki, nəticədə vurğu tədricən Polşada Cənubi Koreya tanklarının istehsalına deyil, yalnız onların üzərində müxtəlif Polşa avadanlıqlarının quraşdırılmasına keçəcək. (Tass)