Polşada məcburi hərbi xidmətin geri qaytarılması imkanlarının müzakirəsinə başlamaq lazımdır. Bu fikri “YouTube” platformasında Polşa Milli Təhlükəsizlik Bürosunun (BNB) rəhbəri Yaçek Severa bildirib.
“Polşada məcburi hərbi xidmətlə bağlı müzakirələrə başlamaq lazımdır. Mən başa düşə bilmirəm ki, bu müzakirə niyə bizim üçün bu qədər çətindir”.
BNB rəhbərinin sözlərinə görə, çağırış xidməti “yalnız avtomatla qaçmaq deyil”.
“Logistika, planlaşdırma, mürəkkəb silahların saxlanması, kiberməkanda müharibə – bunlar cəbhə xəttindən uzaq zonalardır”, – Severa əlavə edib.
BNB rəhbəri hesab edir ki, polşalılar başa düşməlidirlər ki, “vətəndaş olmaq sadəcə maaş almaq, əmək bazarında iştirak etmək və müharibə zamanı [ölkəni] tərk etmək demək deyil”.
Eyni zamanda, Severa etiraf etdi ki, hərbi münaqişə başlayandan sonra hərbi yaşda olan kişilərin Polşadan çıxması “çətin olacaq”.
Polşada 2009-cu ildə məcburi hərbi çağırış ləğv edilib və könüllü xidmətlə əvəz edilib.
(Tass)