İraqdan nümunə götürərək Ukraynanı NATO ölkələri arasında məsuliyyət zonalarına bölmək mümkün deyil. Bu qiymətləndirməni Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalında verib.
“Mən Ukraynada İraqda olduğu kimi ayrı-ayrı dövlətlərin [məsuliyyət zonalarının] olacağı bir vəziyyəti təsəvvür edə bilmirəm”, – deyə nazir bildirib. Onun fikrincə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik planı yoxdur. “Prezident Tramp üçün bu gün heç bir plan yoxdur, yalnız seçkilərdən əvvəl və sonra ortaya çıxan fərziyyələr var”, Kosinyak-Kamış qeyd edib.
AFP agentliyi mənbələrə istinadən xəbər verir ki, bəzi Avropa ölkələri belə bir razılaşma əldə olunarsa, atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək məsələsini müzakirə edir. Seçki kampaniyası zamanı Tramp Ukraynada “24 saat ərzində” sülh əldə edəcəyinə söz verib, lakin bunu necə etməyi planlaşdırdığını açıqlamayıb. (Tass)