Polşa hakimiyyəti miqrasiya böhranı ilə əlaqədar oktyabrın 4-ü gecə yarısından etibarən müvəqqəti nəzarətin tətbiq olunacağı Slovakiya ilə sərhəddə sərhədçilərə dəstək üçün ordudan istifadə etmək qərarına gəlib. Bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Polşa Ordusu Slovakiya ilə sərhəddə sərhədçilərə dəstək verəcək. Əsgərlər də sərhədçilərlə eyni hüquqlara sahib olacaqlar. Onlar nəzarəti həyata keçirə biləcəklər. Sərhədə həm əməliyyat qoşunları, həm ərazi müdafiəsi, həm də mühəndis qoşunları göndərilib. ” o yazıb.
Bundan əvvəl respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski brifinqdə Slovakiya ilə sərhəddə nəzarətin tətbiqi barədə məlumat verib. Nazirin sözlərinə görə, bu qərara səbəb qeyri-qanuni miqrantların Balkan deyilən istiqamətə axınıdır.
Polşa Sərhəd Mühafizəsinin baş komendantı Tomaş Praqa xatırladıb ki, Şengen zonasının qaydalarına əsasən, sərhəd nəzarəti bir neçə dəfə, lakin 20 gündən çox olmayan müddətə uzadıla bilər. Belə nəzarətin ümumi müddəti ardıcıl iki aydan çox ola bilməz. (Tass)