Seymin (Polşa parlamentinin aşağı palatası) “Pegasus” casus proqram təminatından istifadə pozuntularını araşdıran komissiyası keçmiş ədliyyə naziri (2015-2023) Zbiqnev Ziobroya münasibətdə deputat toxunulmazlığının ləğvi proseduruna başlamaq barədə qərar qəbul edib. Bu barədə jurnalistlərə komissiyanın sədri Maqdalena Sroka məlumat verib.
“Biz bir komissiya olaraq vəsatəti dərhal baş prokurora təqdim edəcəyik, ümid edirəm ki, baş prokuror [Zbiqnev Ziobronun] toxunulmazlığının ləğvi tələbi ilə dərhal Seymə müraciət edəcək və sonra ərizəni rayon məhkəməsinə göndərəcək”. Sroka TVP info tərəfindən yayımlanan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, prosedur bir neçə ay davam edə bilər. Sabiq nazir səhhətini əsas gətirərək 4 dəfə komissiyanın iclasına gəlməyib.
2024-cü ilin əvvəlində Donald Tuskun kabineti Qanun və Ədalət Partiyasının (2015-2023) yaratdığı hökumət dövründə Pegasus-dan istifadə edildiyi iddiasını araşdırmaq qərarına gəlib. Fevralın 19-da müvafiq komissiyanın ilk iclası olub. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Polşa xüsusi xidmət orqanları ölkədəki 500-dən çox siyasətçinin danışıqlarını dinləmək üçün İsrail casus proqramlarından istifadə edib. (Tass)