Polşanın hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın qərb hissəsi üzərində NATO sərhədləri yaxınlığında raketlərin tutulması hələlik sadəcə ideyadır. Bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Vaşinqtonda Amerika Sahibkarlıq İnstitutunda çıxışı zamanı deyib.
“Bu (Ukrayna üzərindən raketlərin tutulması nəzərdə tutulur ) indiki mərhələdə sadəcə ideyadır”, – polşalı diplomat bildirib. O vurğulayıb ki, Kiyevlə bu yaxınlarda imzalanmış ikitərəfli təhlükəsizlik sazişi müstəsna olaraq “bu ideyanı öyrənmək” öhdəliyindən danışır. Nazir izah edib ki, Polşa hakimiyyəti raketləri öz əraziləri üzərindən vurmaq istəmir, çünki bu, parçaların düşə bilməsi səbəbindən yerli sakinlərin həyatına təhlükə yarada bilər. Sikorski qeyd edib ki, Varşava Kiyevin Polşa sərhədi yaxınlığında Ukrayna ərazisi üzərində raketlərin tutulması variantını özünümüdafiə kimi qiymətləndirir.
İyulun 8-də Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra Polşanın baş naziri Donald Tusk bildirib ki, Varşava NATO müttəfiqləri ilə Ukraynanın qərbi üzərində Polşa sərhədi yaxınlığında uçan raketlərin vurulması imkanını müzakirə edəcək. Bu müzakirəyə başlamaq zərurəti ilə bağlı məqam eyni gün Varşavada Tusk və Zelenski tərəfindən imzalanan müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq haqqında ikitərəfli sazişə daxil edilib. İyulun 9-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Polşa tərəfinin təşəbbüsü NATO-nun Vaşinqtonda keçiriləcək sammitində müzakirə mövzusuna çevrilə bilər. (Tass)