Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova söyləyib. C.Mahmudova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz siyasi karyerasının ən böyük qələbəsini 44 günlük Vətən müharibəsi ilə qazandı. Dünya hərb tarixinə nümunə olacaq döyüş taktikası, uzaqgörən, düşünülmüş və qətiyyətli siyasi addımlarla böyük Qarabağ Zəfərini qazanan İlham Əliyev bununla Azərbaycan tarixinin son 200 ilinin üzərindəki qara pərdəni götürməyə, ölkəmizin ərazi bütövlüyünü tam təmin etməyə nail oldu.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zaman ilk qərarlarından biri Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap edilməsi oldu. 2004-cü ildə imzalanmış bu Sərəncam təhsilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında atılmış önəmli addımlardan biri oldu.
2004-cü ilin yanvarında UNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanına həsr olunmuş möhtəşəm tədbir, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılması da Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə bariz nümunə oldu. 2004-cü ilin aprelində Bakıda Atatürk Mərkəzinin açılması Türkiyə Respublikası ilə dostluq, qardaşlıq münasibətlərinin, iki ölkə arasında mədəni, ədəbi əlaqələrin güclənməsində təməl addımlardan biri oldu.
2008-ci ildə Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı. Dini abidələr, Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olundu, təmir edildi. Mərdəkanda Pir Həsən ziyarətgahı, Binədə Möhsün Səlim məscidi, Buzovnada Cümə məscidi, Bakıda Müqəddəs Məryəm Ananın Miladı kilsəsi, Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi – 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Tbilisidə Azərbaycanın böyük ziyalıları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldildi. 2013-ci ildə Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilər keçirildi. Romada Nizami Gəncəvinin abidəsi ucaldıldı.
C.Mahmudova vurğulayıb ki, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi İlham Əliyev hakimiyyətinin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına yüksək dəyər verməsinin növbəti nümunələri oldu.
İyirmi il ərzində Azərbaycan muğamı özünün layiqli tarixi dəyərinə qovuşdu. Dünyada ilk dəfə məhz bizim ölkəmizdə muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz – Beynəlxalq Muğam Mərkəzi açıldı. Həmçinin Beynəlxalq Muğam müsabiqələrinin, festivallarının keçirilməsi Azərbaycan milli musiqisinin dünyada ən yüksək şəkildə təbliğini gerçəkləşdirdi. İstedadlı gənclərimizin üzə çıxarılması, muğam sənətimizin inkişafı və gənclərimiz arasında daha geniş yayılması üçün hər cür şərait yaradıldı.
Prezident İlham Əliyevin mədəni irsimizə göstərdiyi diqqət, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çövkən oyunu, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Artıq uzun illərdir ki, paytaxt Bakımız beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. Azərbaycanda Beynəlxalq incəsənət, Beynəlxalq milli rəqs və musiqi, Beynəlxalq Mstislav Rostropoviç, Qəbələ Beynəlxalq musiqi, Bakı Beynəlxalq caz, Avropa Tolerantlıq festivalları, Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi, kitab sərgiləri, kino və teatr festivalları, idman və musiqi yarışmaları mütəmadi olaraq keçirilir.
Muzeylər əsaslı təmir edildi, Azərbaycan Milli İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı. Həmçinin yeni kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması ölkə başçısının mədəniyyətimizin hərtərəfli inkişafına olan qayğısının bir nümunəsi kimi sənətsevərləri sevindirdi. 2007-ci il fevralın 23-də “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalandı. 2008-ci il avqustun 4-də “Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafı üzrə Dövlət proqramı” qəbul olundu. Azərbaycan Dövlət Film Fondunun yeni inzibati binası tikilib istifadəyə verildi. “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yaxşılaşdırıldı. Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə milli kinomuzun 120 illiyi təntənəli şəkildə qeyd olundu.
Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldıldı. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi.
Ölkə Prezidentinin 2013-cü il 15 fevral tarixli Fərmanı ilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
Dövlətimizin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri də teatr sənətinin inkişaf etdirilməsidir. 2006-cı ilin dekabrında MDB ölkələrində ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Qanun qəbul olundu. 2009-cu il mayın 18-də isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət proqramı” təsdiq edildi. 2012-ci ildə Bakı II Beynəlxalq Teatr Festivalına ev sahibliyi etdi. Prezidentin 2013-cü il 1 mart tarixli Fərmanı ilə martın 10-u Milli Teatr Günü təsis edildi. Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatr binaları tikildi və əsaslı təmir edildi, müstəqil teatrların fəaliyyəti üçün şərait yaradıldı. Son aylarını yaşamaqda olduğumuz 2023-cü ildə Azərbaycan milli peşəkar teatrının yaradılmasının 150 illiyi tamam olur. Bu yubileyin ölkə səviyyəsində geniş qeyd edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı diqqətəlayiq mədəniyyət hadisəsinə çevrildi və teatrımızın gələcək inkişafına yeni stimul verdi.
“Qürur hissi ilə deyə bilərəm ki, ölkəmizin əsas yaradıcı ali təhsil ocaqlarından biri olan, bir əslik tarixə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dövlətimizin başçısının mədəniyyət siyasətinə sadiq qalaraq incəsənətimizin tədrisində və gələcək peşəkar kadrların yetişdirilməsində fəaliyyətini uğurla davam etdirir. Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində, ədəbiyyat, incəsənət tariximizin araşdırılmasında, dünyanın tanınmış yaradıcı ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılmasında Mədəniyyət və İncəsənət Universiteti önəmli rol oynayır.
Məhz bu xidmətlərinin layiqli qarşılığı və Prezident İlham Əliyevin mədəniyyət siyasətinin daha bir bariz nümunəsi kimi bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçımız Sərəncam imzaladı. Bu Sərəncam bütün kollektivimizi sevindirdi və ruhlandırdı. Eyni zamanda, bizim üzərimizdə böyük məsuliyyət hissi yaratdı ki, biz bundan sonra da mədəniyyətimizin, incəsənətimizin tədrisi və təbliği istiqamətində fəaliyyətimizi daha geniş və inamlı şəkildə davam etdirək. Universitetdə dərs deyən, uzun illər ərzində sənətin sirlərini gənclərimizə aşılayan professor və müəllimlərimiz də daxil olmaqla, mədəniyyət tarixində iz qoymuş, Azərbaycan milli sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkarlarımızın yubileyləri ən yüksək səviyyədə təşkil olunur, sənətçilərimiz fəxri adlara, Prezident təqaüdünə layiq görülürlər”,- deyə rektor qeyd edib.
C.Mahmudova vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda Xarıbülbül festivalı, Vaqif Poeziya Günləri və digər önəmli mədəni tədbirlərin keçirilməsi, Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev-muzeyinin və daha neçə-neçə mədəniyyət abidələrinin bərpası, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin öz aid olduqları torpağa – Şuşaya qaytarılması 30 ilə yaxındır vətən həsrəti ilə yaşayan xalqımızın öz yurd-yuvasına qovuşması ilə yanaşı, həm də milli mədəniyyətimizin dirçəlişi kimi insanı riqqətə gətirir.
“Dövlətimizin başçısı bir qrup mədəniyyət xadimləri ilə görüşündə demişdi ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır: “Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.
Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti, əvəzsiz xidmətləri Azərbaycan mədəniyyətinin, incəsənətinin daha işıqlı günlərinin qabaqda olduğunu inamla söyləməyə rəvac verir”, – deyə Ceyran Mahmudova fikrini yekunlaşdırıb.