Dövətimizin başçısı İlham Əliyev birinci dəfə prezident seçiləndən sonra andiçmə mərasimində qeyd etmişdi ki, “… mən bütün fəaliyyətimi dövlətin ərazi bütövlüyünün təmin olunmasına, işğal altında olan torpaqlarımızın azad edilməsinə, qaçqınların öz ata-baba torpaqlarına qayıtmasına, ölkənin iqtisadi inkişafına və milli təhlükəsizliyin təmin olunmasına sərf edəcəyəm”. Bəli, Prezident bu vədinə ilk gündən əməl etməyə başladı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kərəm Məmmədov bildirib. K.Məmmədov qeyd edib ki, Prezident ilk olaraq ölkənin iqtisadi inkişafının təmin olunması yolunda qətiyyətli addımlar atmağa başladı. Ölkənin neft-qaz siyasətində yeni-yeni layihələrə imza atdı. Xarici investisiyalar ölkə iqtisadiyyatına cəlb edildi ki, bu addımlar ölkənin iqtisadi inkişafını təmin etdi. Ötən 20 il ərzində dövlətin milli gəliri 3 dəfədən çox artdı, milli valyuta ehtiyatları bu gün 50 milyard dollardan çoxdur. Sosial islahatlar paketləri həyata keçirilməyə başlandı və digər əhəmiyyətli tədbirlər görüldü. Bunları sadalamaqla bitirmək mümkün deyil.
Alim vurğulayıb ki, bütün bu siyasi kursun sonunda bir məqsəd dururdu, o da dövlətin gücünü artırmaq və qarşıda duran ən böyük vəzifənin – dövlətin ərazi bütövlüyünün təmin olunmasının yerinə yetirilməsi. Bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin gücünün daha da artırılması və ərazilərimizin işğaldan azad edilməsi dururdu. Bunun üçün Prezident İlham Əliyev beynəlxalq konfrans və forumlarda çıxışlar edir, dünya liderləri ilə görüşlər keçirir və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Baxmayaraq ki, əsas vəzifəsi dünyada sülh və təhlükəsizliyin təmin olunması olan BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün dörd qətnamə qəbul etmişdi, amma işğalçı dövlət bu qətnamələri yerinə yetirmirdi və qətnamələrin icra olunması üçün yalnız güc tətbiq etmək lazım idi. Bu gücə sahib olmaq üçün Prezident İlham Əliyev bütün imkanları səfərbər etdi və ən müasir silahlarla təchiz olunmuş güclü bir ordu qurmağa nail oldu. Bütün diplomatik keyfiyyətlərə malik olan İlham Əliyev münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsinə çalışsada erməni tərəfi yalnız bir dildən analyırdı – o da güc . Erməni tərəfi hər cür cılız vasitələrdən istifadə edərək danışıqlar prosesini uzadır və işğal etdikləri əraziləri azad etmək istəmirdi… Ermənistanın yeni rəhbərliyi 2019-cu ildə Valday Beynəlxalq forumunda bəyan etdi ki, Qarabağ Ermənistandır və nöqtə. Azərbaycan Prezidenti onun cavabını qətiyyətli dövlət başçısı kimi verdi və bəyan etdi ki, Qarabağ Azərbaycandır və nida. Nöqtə ilə Nidanın fərqini bilməyən erməni rəhbəri anlaya bilməzdi ki, İlham Əliyevin Bəyanatının arxasında hansı məqsədlər durur. Danışıqlar xatirinə danışıq aparmaq zamanı keçmişdi. Azərbaycan Prezidenti artıq əvvəldən verdiyi vədləri yerinə yetirmişdi və dövlətin gücünü ağıllı diplomatiya həyata keçirərək təmin etmişdi.
“Azərbaycan həm beynəlxalq aləmdə tərəfdaşlar və müttəfiqlər qazanmışdı, həm də hərbi quruculuğu tamamlamışdı. Azərbaycan BMT TŞ-nin qeyri daimi üzvü seçilmişdi, bütün beynəlxalq təşkilatlar dövlətimizin ərazi bütövlüyünü dəstəklədikləri haqqında qərarlar qəbul etmişdilər. Dövlətimiz dünyanın ikinci böyük təşkilatı olan Qoşulmamaq hərəkatının sədri seçilmişdi və hərəkat öz nüfuzunu məhz İlham Əliyevin rəhbərliyi ilə yenidən bərpa edirdi… Bundan sonra Prezidentimizin dediyi kimi “heç kim bizimlə hədə-qorxu, təzyiq dili ilə danışa bilməz”di və gözlənilən an yetişdi. Müzəffər Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də əks hücum haqqında əmr verdi, Vətən müharibəsi başladı. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ali Baş komandan Vətən müharibəsini tarixi Qələbəmizlə başa çatdırdı. Prezidentliyinin 20-ci ildönümündə Xankəndində müqəddəs üçrəngli bayrağımızı ucaltmaqla İlham Əliyev dövlətin qarşısında duran təməl prinsiplərin ən vacibini – dövlət suverenitetinin onun bütün ərazisində təmin olunmasını yerinə yetirdi. 20 illik hakimiyyəti dövründə Prezident İlham Əliyev Azərbaycana qarşı həyata keçirilən ədalətsizliyi darmadağın etdi və regionda tamamilə yeni bir geosiyasi reallıqlar yaratdı. Dünyanın bütün güc mərkəzləri regiondakı yeni reallıqlarla barışmaq məcburiyyətindədir”, – deyə o fikrini yekunlaşdırıb.