Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova söyləyib. Dosent Naibə Əhmədova qeyd edib ki, 2003-cü il oktyabrın 31-də İlham Əliyev andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyini vurğuladı. Prezident İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi axıradək müdafiə edəcək.
Naibə Əhmədovanın sözlərinə görə, I və II Qarabağ savaşı şərti ifadələrdir: “1994-cü il mayın 12-də atəşkəs elan olunsa da, tam mənada həyata keçmədi. Məhz atəşkəs dövründə ermənilərin atəşi nəticəsində çoxlu sayda vətəndaşlar, o cümlədən hərbçilər həlak oldu, ictimai və fərdi mülkiyyət məhv edildi. Ermənistan tərəfi cəzasız qaldığını, beynəlxalq təşkilatların və böyük dövlətlərin onları işğal etdikləri torpaqlarımızı tərk etməyə məcbur etmədiklərini görüb daha da azğınlaşdı. İşğalı daha da genişləndirmək üçün tez-tez cəbhədə, təmas xəttində və sərhədlərimizdə münaqişələr törətdilər”.
Kafedra müdiri xatırladıb ki, 2020-ci il iyulun 12-də Tovuz rayonu ərazisində UAZ maşınında 4 azərbaycanlı hərbçinin sərhəddə Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olması döyüşlər üçün ilk qığılcım oldu. Tovuz döyüşləri zamanı Ermənistan tərəfinin atəşi nəticəsində 12 hərbçi, 1 mülki şəxs həlak olub, 4 hərbçi yaralanıb. 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti hərbi təxribatlarını törətdi. Xalqımız Ermənistanın torpaqlarımızda, xüsusən Qarabağda davam edən işğalına və ölkəmizə yönəlmiş təcavüzkarlığına qarşı Vətən müharibəsinə – II Qarabağ savaşına başladı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də – Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Dövlətimizin başçısı Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşa şəhərinin düşmən əsarətindən azad olunması xəbərini xalqımıza çatdırdı.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı və bununla Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz 2023-cü ildə Azərbaycanın suverenliyi tam bərpa olundu.