Azərbaycana rəhbərliyinin 20 illiyini qeyd etdiyimiz Prezident İlham Əliyev tarixdə az sayda dövlət rəhbərlərinə müyəssər olan hakimiyyəti dönəmində inanılmaz böyük işləri və uğurları sığdıra bilib. Bu tarixi hadisəni Ağdərədə, Xocalıda və Xankəndidə qeyd etməklə Prezident İlham Əliyev böyük oyunların nəticəsi olaraq 30 ildir çarxları tərsinə dövr edən Cənubi Qafqazın sonuncu çarxlarını da doğru istiqamətə yönəltdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov səsləndirib.
Politoloq ölkəmizin miqyasına görə Azərbaycandan daha böyük olan bu oyunları pozmaq və bölgədə hazırda mövcud olan vəziyyəti yaratmaq üçün uzun yol keçdiyini vurğulayaraq deyib: “Mən bu gün bütün dünyanın bəhs etdiyi və bəlkə də yaxın tarixlərdə həllini tapmış yeganə münaqişə olan Qarabağ probleminin həllindən və digər uğurlarımızdan deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə onlara nail olmağımızın sirrindən danışmağa çalışacağam.
Hər bir insanın həyatda ucalması üçün həlledici məqamda gözəl təqdimata, tövsiyə olunmağa və ya çox nüfuzlu zaminə ehtiyacı olur. Təqdimatı edən, yaxud tövsiyəni və zəmanəti verən insanın şəxsiyyəti, ictimai nüfuzu və cəmiyyətdəki çəkisi şəxsin yüksəlişinin dövrünə və mərtəbəsinə təsir edən əsas amillərdəndir. Ancaq liderlik bacarıqları, güclü iradə və digər şəxsi keyfiyyətlər növbəti mərhələlərdə həlledici amillər kimi hər şeydən irəli çıxmağı bacarır. Buna tarixdə dövlətlərin və onları idarə edənlərin nümunəsində rast gəlmək mümkündür”.
X.Bəşirov diqqətə çatdırıb ki, belə həlledici və uğurlu təqdimatlardan, tövsiyələrdən biri də hələ 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 1-də o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən olundu. Ulu Öndər Azərbaycan xalqına “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək!” deməklə özünün Azərbaycan və xalqımız qarşısında sonuncu ən böyük missiyasını yerinə yetirmiş oldu. Tarixi missiya dəyişməsə də, missioner dəyişdi. Yeni missionerin təqdimatını və tövsiyəsini edənin nüfuzu əvəzolunmaz, sözü isə həlledici olsa da, missiyanın özü çox çətin, həlli isə demək olar mümkünsüz görünürdü. Onun öhdəsindən gəlmək üçün uğurlu təqdimat, şəxsi keyfiyyətlər və cəmiyyətin etimadından savayı, həm də xalqın bir nəfər kimi tərəddüdsüz olaraq onun arxasınca addımlaması lazım idi. Bu da Liderin ən yaxın tərəfdarlarına, ona, onun üzərinə götürdüyü böyük missiyaya görə gözünü qırpmadan onunla birlikdə addımlayanlara aid idi.
“Tarixdə inanılmaz missiyaların öhdəsindən gələn dahi şəxsiyyətlərin analoji proseslərdən keçdiyini xatırlaya bilərik. Buna ən gözəl misallardan biri kimi bu gün dünyada bəlkə də ən güclü amilə çevrilməkdə olan və iki milyard insanı öz ətrafında birləşdirən İslam dininin bəşəriyyətə qədəm qoyduğu prosesləri göstərmək olar. Peyğəmbərlik missiyasına layiq görülən Həzrəti Məhəmmədin (s.a.s) ilahi qüvvədən başqa, İslama ilk inanaraq müsəlman olan və onunla çiyin-çiyinə böyük bir kafir ordusuna qarşı qanlı müharibəyə çıxacaq Birinci silahdaşa hava və su kimi ehtiyacı var idi. Bu uğurlu insan onun həm həyat, həm mübarizə, həm də ilk müsəlman yoldaşı olan Həzrəti Xədicə oldu. Təbii ki, ondan sonra hansı proseslərin baş verdiyini artıq təxminən 1500 ildir bütün bəşəriyyət bilir”, – deyə Xəyal Bəşirli vurğulayıb.
Onun sözlərinə görə, insana ən yaxın olan və onu hamıdan yaxşı tanıyanın ona inanması onun uğurunun, inanmaması isə uğursuzluğunun açarı olduğunu tarix dəfələrlə təkrar-təkrar göstərib. Bunu növbəti dəfə biz xalq və dövlət olaraq öz timsalımızda gördük. Hazırda Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti olan Mehriban Əliyeva bu birinciliyə, həm də İlham Əliyevin birinci silahdaşı, mübarizə yoldaşı və siyasi həmfikiri olmaqla başladı. Bu günə qədər Azərbaycan dövləti və xalqı adına keçdiyimiz bütün çətin günlərdə və qələbələrdə bir an olsun belə Prezident İlham Əliyevin yanından ayrılmayan Mehriban xanım Əliyeva Qarabağ münaqişəsinin həllində də eyni münasibəti sərgilədi.
Politoloq vurğulayıb ki, parlaq zəkaya, praqmatik düşüncəyə, uzaqgörən siyasi bacarığa və dəmir iradəyə sahib olan Prezident İlham Əliyev heç kimin inanmadığı, Ulu Öndər Heydər Əliyevin sona çatdıra bilmədiyi missiyanı zərgər dəqiqliyi və böyük ustalıq, məharət ilə uğurla başa çatdırdı!