Prezidentliyə namizədlərin “Bakinski raboçi” qəzetində ödənişsiz təşviqatının ardıcıllığı müəyyən edilib.
Bu barədə AZƏRTAC-a qəzetin redaksiyasından məlumat verilib.
Püşkatmadan əvvəl prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri ilə görüşdə redaksiyanın seçkilərlə bağlı fəaliyyətinin Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” təlimatına uyğun olaraq təşkil edildiyi bildirilib.
Prezidentliyə namizədlərin təşviqat materialları üçün seçkiyəqədərki üç həftə ərzində B2 formatlı qəzetin cümə və şənbə saylarında ödənişsiz əsaslarla yarım səhifə, 815 kvadratsantimetr, ümumilikdə 16 min 800 kvadratsantimetr, yəni 3,5 səhifə yer ayrılacaq.
Sonra təşviqat materiallarının qəzetdə dərc ardıcıllığını müəyyən etmək məqsədilə püşkatma keçirilib. Püşkatmanın nəticəsində təşviqat materialları dərc olunacaq prezidentliyə namizədlərin ardıcıllığı aşağıdakı kimi müəyyənləşib:
1. İlham Əliyev
2. Zahid Oruc
3. Elşad Musayev
4. Razi Nurullayev
5. Qüdrət Həsənquliyev
6. Fazil Mustafa
7. Fuad Əliyev
Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri püşkatmanın şəffaf və obyektiv keçdiyi ilə bağlı fikirlərini bölüşüblər.