Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov rusiyalı yazıçı, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin Özbəkistanın ilhaqı ilə bağlı bəyanatı ilə əlaqədar Özbəkistanın Xarici İşlər Nazirliyinə dəvət olunub.
“21 dekabr 2023-cü il tarixində Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Oleq Malqinov Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunub”, – Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qeyd olunur ki, Rusiya nümayəndəsinə Prilepinin “Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi” təklifinin “dərin narahatlıq hissi ilə” qarşılandığı barədə “prinsipcə” məlumat verilib.
Onlar əlavə ediblər ki, “Rusiya Federasiyası kimi dost ölkənin partiya rəhbərlərinin bu cür tələsik bəyanatları, təəssüf ki, Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin ruhuna uyğun gəlmir”. (Tass)