Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov deyib.
Professor qeyd edib ki, Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, bir milyondan artıq insanın öz Vətənində didərgin düşməsi, Xocalının yer üzündən silinməsi, Qarabağda və onun ətraf rayonlarında minlərlə insanın vəhşicəsinə öldürülməsi, soyqırımına məruz qalması, şəhərlərin, kəndlərin, mədəniyyət ocaqlarının və dini məbədgahların dağıdılması ilə heç bir vaxt ciddi şəkildə maraqlanmayan, münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün AŞPA-nı düzgün format hesab etməyənlər bu gün Xankəndidən öz istək və arzusu ilə gedən ermənilərə havadarlıq edir. Bununla da yenə ikili standart sərgiləyirlər. Belə ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan 300 mindən çox soydaşımızın deportasiyasını “unudur”, onların dinc və ləyaqətli şəkildə öz vətənlərinə, doğma ocaqlarına – Zəngəzura, Göyçəyə, Dərələyəzə qayıtması üçün Ermənistan dövlətinə təzyiq etmirlər. Deməli, AŞPA-nın Azərbaycana qarşı həyata keçirdiyi siyasətinin arxasında Fransa və erməni lobbisinin təsir dairəsində olan “siyasətçi”lər dayanır.
“AŞPA-nın bəzi üzdəniraq deputatlarını Cənubi Qafqazda yeni yaranan geosiyasi vəziyyət, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və fevralın 7-də prezident seçkilərinin keçirilməsi ciddi narahat edir. Zəfər seçkilərini müşahidə etməyə dəvət edilməyən avropalı deputatlar bunu Avropa Şurasını “zəiflətmək cəhdi” adlandırıblar, Azərbaycanın digər beynəlxalq qurumlara da qarşı olduğunu səsləndiriblər. Onlar qalib xalqın kimə səs verəcəyini yaxşı bilirlər”, – deyə F.Rüstəmov vurğulayıb.