Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri professor Elxan Hüseynov bildirib. O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti ətraflı bəyanat yayıb, AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bəyan edib.
AŞPA-nın addımları dialoqa xidmət etmir, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürüdür.
“Sual olunur: AŞPA-nın qərəzli, düşmənçilik mövqeyi nədən doğur? Aydındır ki, Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyini bərpa etməsi AŞPA-da təmsil olunan bəzi qüvvələri narahat edib, onları erməni lobbisindən aldıqları rüşvətin müqabilində ermənidən çox erməni olmaq məcburiyyətində qoyub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib və ona görə də, məlum olduğu kimi, Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb və bunun da əsasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı olub.
Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son üç il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Hətta müharibə 2020-ci ildə başa çatdığı halda Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan minalar basdırılmışdı. Yüzlərlə insanın həyatına son qoyan bu minalar, hətta qaçılmaz olan antiterror tədbirlərindən öncə Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində 9 nəfərin ölümünə səbəb olmuşdu”, – deyə professor Elxan Hüseynov qeyd edib.
Elxan Hüseynov vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü bərpa etdi. Ölkəmizin 20 faiz ərazisini işğal etmiş Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən hər hansı sanksiya tətbiq edilmədi. Otuz ilə yaxın bir müddətdə Minsk qrupu münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Əslində Minsk qrupunun “fəaliyyəti” danışıqlar illüziyası yaradılmasına, işğalın vaxtının uzadılmasına və azərbaycanlıların yaranmış vəziyyətlə barışmasına hesablanmışdı.
Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa öz ermənipərəst mövqeyini nə qədər çalışsa da, gizlədə bilmədi. Bu gün də rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarındandır. Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Parlamentlərarası İttifaqının Baş katibi Martin Çunqonqu qəbul edərkən “Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini” vurğulamışdır.
Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunun gücləndirilməsi siyasətini yeridir. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi məhz Fransanın və bəzi digər Avropa ölkələrinin təsiri və açıq təzyiqi nəticəsində mümkün olub. Buna baxmayaraq, Azərbaycana qarşı ermənipərəst mövqeyi ilə seçilən Fransa, hətta vasitəçi rolu oynamaq istəyir.
“Əslində, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. Amma bu prosesin de-yure məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsinin imzalanması və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyevlə görüşdə Martin Çunqonq Parlamentlərarası İttifaqın Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış etdi. Dövlətimizin başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Digər beynəlxalq qurumlarda, nəhayət, dialoq, sülh yolu seçilməlidir. Avropa Şurası Parlament Assambleyası ikili standartlardan əl çəkməlidir. Qərb, AŞPA və digər beynəlxalq qurumlar Cənubi Qafqazda sülhün bərqərar olmasına çalışmalıdırlar. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı hüquqları bərpa olunmalıdır. Əks halda Azərbaycan tərəfi Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində də öz iştirakı məsələsinə yenidən baxmalıdır”, – deyə E.Hüseynov bildirib.