Ermənistan tərəfindən 90-cı illərin əvvəllərində Qazaxın işğal edilmiş dörd kəndinin geri qaytarılması böyük əhəmiyyət daşıyır. Bu hadisənin bir neçə mənası var. Kəndlərin qaytarılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin düzgünlüyünü göstərir. Bu ilin əvvəlində Prezident bildirmişdi ki, Ermənistanla delimitasiya və demarkasiya məsələlərini tənzimləmək və sülh sazişinə getmək yolunda ilk addım işğal olunmuş dörd kəndin qaytarılmasıdır. Bu onu göstərir ki, dövlətimizin aydın siyasəti var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, Azərbaycanın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın reallığı dərk etməsidir.
“Həmin kəndlər Ermənistanın deyil. Ermənistan hakimiyyəti və Ermənistan vətəndaşları yaxşı bilirlər ki, həmin kəndlər vaxtilə işğal edilib, Azərbaycan kəndləridir və geri qaytarılmalıdır. Ona görə də Ermənistan rəhbərliyinin bu addımını münasibətləri normallaşdırmaq yolunda ilk siyasi realizm təzahürü kimi qiymətləndirmək olar. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasına üçüncü tərəflər girməsələr, müdaxilə etməsələr, öz maraqlarını güdməyib, rəsmi Bakı və İrəvanı baş-başa buraxsalar, Ermənistan müstəqil xarici siyasət yürütsə, o zaman regionda da sülh olar. Azərbaycan müharibə istəmir, Azərbaycan xalqı məcburi köçkünlükdən və qaçqınlıqdan bezib. Azərbaycan xalqı dinc həyat istəyir. Ona görə də münasibətlərin normallaşdırılması Ermənistandan asılıdır. Fikrimcə, Ermənistanın bu addımını baltalayacaq, topa tutacaq xarici aktorlar olacaq. O da əsasən həmin güclərin regiondakı maraqları ilə bağlı olacaq. Amma o maraqlar quruculuğa deyil, regionda qarşıdurmaya gətirir. Azərbaycanın Ermənistanla münasibətlərdə götürdüyü xətt mehriban qonşuluq ruhunun yaradılmasına, problemlərin həllinə, əməkdaşlığa və dinc yanaşı yaşamağa yönəlib. Onun da ilk cücərtisi işğal olunmuş dörd kəndin geri qaytarılmasıdır”, – deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.