Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd Muxtarova söyləyib. Professor Ə.Muxtarova vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın ən böyük və möhtəşəm Qələbəsinin Müzəffər Komandanıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin edilməsi son 20 ildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun, tarixi missiyasının ən parlaq məqamı oldu. Tarix sübut etdi ki, Azərbaycan xalqı 2003-cü ildə taleyüklü məsələdə öz düzgün seçimini edib, tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarıb.
Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib.
Son 20 ildə Azərbaycanda xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqaz regionu, bütün dünyada güclü, qüdrətli ölkə kimi bütün sahələrdə öz sözünü deyir.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Ermənistan isə dünyadakı beynəlxalq təşkilatlar tərəfindən haqlı olaraq təcavüzkar dövlət kimi tanınıb. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ərazi bütövlüyü məsələsindəki birmənalı və qəti mövqeyi elə həmin vaxtlarda təsdiqlədi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. İlham Əliyev 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-cu ildən bəri sədrlik etməsi ilə Azərbaycan dövlətçilik tarixində böyük bir ilkə imza atıb. Bununla yanaşı, ölkəmizin son üç ildə istər İkinci Qarabağ müharibəsi, istərsə də COVID-19 pandemiyası ilə mübarizə dövründə qazandığı uğurlar onun yorulmaz fəaliyyətinin bariz nümunəsidir. Son 20 ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirməsi nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın həsrətdən sonra tarixi ədaləti bərpa etdi. 2003-cü ildən bəri Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, silahlı qüvvələrin hərbi hazırlıq potensialının artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verdi. Bütün bu görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi.
“Son günlərdə xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən 2023-cü ilin 19-20 sentyabrında cəmi 24 saat ərzində lokal miqyaslı antiterror əməliyyatı nəticəsində qazanılan nailiyyət 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonrakı hərbi-siyasi sahədəki uğurlar məhz Prezidentimiz İlham Əliyev siyasətinin Qələbəsidir. Antiterror əməliyyatı nəticəsində əldə edilən nailiyyət Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümündə xüsusi əhəmiyyət kəsb edir. Çünki hələ 20 il öncə andiçmə mərasimində: “Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir!” – deyən İlham Əliyev əslində öz fəaliyyətinin elə ilk günlərindən gərgin fəaliyyətə başlayıb və bu, 2020-ci il sentyabrın 27-də həlledici hərbi mərhələyə qədəm qoyaraq Ermənistanın təslim olması ilə yekunlaşıb”- deyə professor Əsməd Muxtarova bildirib.
O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!