BRİKS-ə üzv ölkələr qarşılıqlı kapital qoyuluşlarının həcmini, o cümlədən assosiasiya və Yeni İnkişaf Bankının mexanizmləri vasitəsilə artırmalıdırlar. Bunu Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə BRİKS sammitində çıxışı zamanı deyib.
“Assosiasiyaya üzv ölkələrin, o cümlədən BRİKS mexanizmləri və ilk növbədə, Yeni İnkişaf Bankı vasitəsilə qarşılıqlı kapital qoyuluşlarının həcminin artırılması vəzifəsi də aktual görünür”, – prezident qeyd edib.
Onun sözlərinə görə, bu məqsədlər üçün Rusiya yeni BRİKS investisiya platformasının formalaşdırılmasını təklif edib. “Söhbət ölkələrimizin və qlobal Cənub və Şərq ölkələrinin iqtisadiyyatlarına dəstək və vəsaitlərin cəlb edilməsi üçün razılaşdırılmış alətlərin birgə hazırlanmasından gedir”, – o izah edib.
Putin bildirib ki, braziliyalı həmkarlarının ötən il Rusiyanın prezidentliyi dövründə irəli sürülən təşəbbüsləri mənimsəməsi və onların həyata keçirilməsi üzərində işləməyə davam etməsi vacibdir. “Ümumi nailiyyətlər arasında Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə məsləhətləşmələr üçün xüsusi mexanizmin işə salınmasını qeyd etmək istərdim. BRİKS-də taxıl birjasının, iqlim tədqiqatı mərkəzinin, daimi logistik platformanın, idman əməkdaşlığı proqramının yaradılması prosesləri irəliləyir”, – Rusiya prezidenti sadalayıb.(Tass)