Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin 2024-cü il üçün iş planına uyğun olaraq, il ərzində əsasən Qəbələnin, eyni zamanda, şimal-qərb regionuna daxil olan digər rayonların təbiət ərazilərində ekoloji vəziyyətin öyrənilməsi, həmin ərazilərin turizm potensialından səmərəli istifadə yollarının müəyyənləşdirilməsi istiqamətində tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov məlumat verib.
Bildirilib ki, yerinə yetiriləcək elmi-tədqiqat işləri AMEA-nın 2021-2025-ci illər üzrə qəbul edilmiş istiqamətlərinə uyğun olaraq, tədqiq olunan ərazilərdə təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri nəticəsində aşınmaların qurşaqlar üzrə öyrənilməsi, torpaqların deqradasiyası, regionda tez-tez təkrarlanan sel hadisələrinin proqnozlaşdırılması və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin regionun ekoturizm potensialının müəyyən edilərək mövcud turizm marşrutlarına əlavə olunması baxımından əhəmiyyətlidir.