Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu belə həkimlərdəndir. Onun fəaliyyəti, peşəkarlığı, xəstələrə olan münasibəti, həkimlik sənətinə məhəbbəti ölkəmizdə və xaricdə tanınan ağxalatlı peşə sahiblərindən birinə çevirib.
Təhsilə və inkişaf yoluna sadiqlik
İlqar Tahiroğlunun uğur yolu təhsilə, zəhmətə və öz üzərində daim çalışmağa əsaslanır. O, 2010-cu ildə Türkiyənin Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini fərqlənmə ilə bitirib, orada kardiologiya üzrə internatura keçərək ilk tibbi təcrübələrini qazanıb. 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzində kardiologiya üzrə rezidentura təhsili alıb, 2019-2021-ci illərdə isə intervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə ixtisaslaşıb. Həmin təhsil proqramları yalnız nəzəri deyil, həm də təcrübi biliklər baxımından onun peşəkarlığını daha da artırıb.
Peşəkar fəaliyyət sahəsi – bilik və texnologiyanın vəhdəti
Onun icra etdiyi müdaxilələr sadəcə prosedur deyil – bu, həyatın özüdür. TAVİ, mitral clip, karotis stent, ASD və PFO qapatmaları, kardiostimulyator implantasiyası, koronar və perifer damar angioplastikası, sağ ürək boşluqlarının hemodinamik kateterizasiyası kimi müasir və mürəkkəb kardioloji prosedurlar onun gündəlik fəaliyyətinin bir hissəsidir. Həmin əməliyyatların hər biri neçə-neçə xəstənin həyatında dönüş nöqtəsi olur.
Elm və beynəlxalq uğurlar
İlqar Tahiroğlu elmə və tibbi biliklərin inkişafına böyük töhfələr verən ziyalıdır. O, İsrail Ürək Cəmiyyətinin 62, 63, 64 və 65-ci illik konfranslarında iştirak edib, 2018-ci ildə mitral klipdən əvvəl və sonra ağciyər arteriya təzyiqi ilə bağlı elmi təqdimatla çıxış edib. Həmin təqdimat XXIV Ümumdünya Exokardioqrafiya və Ürək-Damar Görüntüsü Konqresində böyük maraqla qarşılanıb. O, Londonda keçirilən “TAVI Platforması” üzrə təlimdə sertifikat alıb, 2023-cü ildə İstanbulda Medtronic Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq TAVİ təlimində isə trener olaraq iştirak edib. Həmin il “International Journal of Current Medical and Biological Sciences” jurnalına redaktor təyin olunması isə onun elmi nüfuzunun göstəricisidir.
Azərbaycan səhiyyəsinə xidmət və gənc nəslə dəstək
2021-ci ildən etibarən İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllimlik edən İlqar Tahiroğlu gələcək tibb işçilərinin yetişməsində mühüm rol oynayır. Onun dərsləri yalnız nəzəri biliklərlə deyil, real klinik təcrübə nümunələri ilə zəngin olduğu üçün tələbələr tərəfindən böyük maraq və hörmətlə qarşılanır.
İlqar Tahiroğlu 2022-ci ildən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi vəzifəsində çalışır. Bu müddət ərzində şöbədə tətbiq olunan innovativ yanaşmalar, müasir müalicə protokolları, pasiyentyönümlü xidmət mədəniyyəti onun rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.
Mükafatlar və ictimai nüfuz
İlqar həkim peşəkar fəaliyyəti ilə yanaşı, ictimai sahədə də çalışır. O, 2023-cü ildə “Medtronic” firmasının sertifikatını alıb, 2024-cü ildə isə Beynəlxalq Gömrük Günü münasibətilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Fəxri Sertifikatı ilə təltif olunub. ÜGT-nin baş katibi İan Saundersin imzaladığı həmin sertifikat onun kolleksiyasında ən əsas yerlərdən birini tutur, peşəkar və sosial fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Şəxsi keyfiyyətləri ilə sevilən həkim
Həkimlik sənəti yalnız diaqnostika və müalicə deyil – o, həm də bir qəlb işidir. İlqar Tahiroğlunun xəstələrə olan münasibəti – diqqət, anlayış və empatiya ilə müşayiət olunan davranışı onu fərqləndirir. Onun qəbuluna gələn hər kəs özünü ümidli və inamlı hiss edir. Xəstələrin gözləri onun əllərindən şəfa və imdad umur. Elə buna görə də o, təkcə təcrübəli kardioloq və şöbə rəhbəri kimi deyil, həm də məsləhətinə, dəstəyinə və şəfasına inanılan bir həkim kimi tanınır.
İlqar Tahiroğlunun qəbuluna yazılmaq üçün: (012) 404-08-08
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova Azərtac.