AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq bildirib: “Əvvəla isə qeyd edək ki, Qərbin Peter Stano, Metyu Miller, Antoni Blinken, ən sonda isə zənən xeylağını qabağa verməkləri arxadan atılan daş, kürəkdən sancılan bıçaqdır. Elə aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəngi zamanı Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirməsi kimi. Bunlar nəinki regiona müdaxilə edirlər, hətta dövlətlərin də daxili işlərinə qarışırlar. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində elə bir konyunktura formalaşdırılıb ki, Qərbin Azərbaycana qarşı münasibətində vahid mövqe mövcud deyil. Məsələn, daxili işlərə qarışmamaqla bağlı İtaliya mövqe ortaya qoydu və Azərbaycanın xarici siyasət institutu İtaliyanın bu addımının başda Fransa olmaqla bir çox Avropa dövlətlərinə nümunə olmasının vacibliyini vurğuladı. Öz dövlətlərinin bayraqları, beynəlxalq hüququn təməl prinsipləri qalıb kənarda, əllərinə iki “bayraq” alıblar, biri rəngarəng, digəri isə artıq deməkdən özlərinin çeynədikləri və sanki bilərəkdən hörmətdən saldıqları, monotonlaşdırdıqları insan hüquqları. Qərbə qarşı ona görə daha sərt ritorika, acı dil istifadə edirik ki, ortada ikili standartlar var. Ermənistanda insanlar siyasi baxışlarına görə təqib olunanda, mediaya təzyiqlər ediləndə görmürlər, Azərbaycanla bağlı isə qarışqadan fil düzəldirlər. Narahat olmasınlar, biz də unutmadan məhz bu amili – Culian Assanc məsələsini xatırlatmaqla Blinkenin diqqətinə çatdırmışıq, çatdırdığımızı da bir daha vurğuladıq”.
Ş.Həsənova vurğulayıb ki, Ermənistanın şərti sərhəddə möhkəmləndirilməsi, Qərb ölkələrinin Qafqazda sülhü pozması və buna məqsədyönlü şəkildə öz maraqları prizmasından yanaşması ən yaxşı ssenaridə belə birinci elə məhz İrəvan üçün yaxşıya doğru heç nəyi dəyişən deyil. Növbəti müharibənin olması, sadəcə, zamanı keçmiş silahların indi də Ermənistan ərazisində utilizasiyası ilə nəticələnək. Bu cəhdlərin hər biri regionda sülhə və sabitliyə maneədir ki, Azərbaycan da məhz buna qarşıdır. Ermənistanın konstitusion dəyişikliyə getməsi nəinki vacibdir, həm də labüddür. Çünki müdafiə etdiyiniz ərazi bütövlüyünün pozulması məsələsi həm dəstək verməyə, indi isə həm də onu məhv etməyə cəhd göstərdiyiniz bu dövlətin ana maddələr toplusuna qədər qaldırılıb.
Bu məqamda yenidən dönək Deni Sassu-Nqessonun fikirlərinə. O bildirir ki, “Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır”. Şübhəsiz ki, söhbət elə məhz Fransadan gedir. Brüssel görüşü öncəsi bu ritorikanın bir daha canlandırılması olduqca vacibdir, təsadüfi isə heç deyil. O baxımdan ki, mövcud xatırlatma bəlkə aprelin 5-də güzgüdə özlərinə bir daha baxma şansı yarada bilər. Afrika dövlətlərinin başçıları, rəsmi şəxsləri Azərbaycanı müstəmləkəçiliyə qarşı mübarizədə önəmli aktor hesab edir, çünki Prezident İlham Əliyev Konqo Prezidenti ilə mətbuata bəyanatında neokolonializmə qarşı mübarizənin xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıdığını bir daha vurğuladı. “Məhz beynəlxalq hüquqa istinadla təmin etdiyimiz ərazi bütövlüyümüzə, suverenliyimizə yenidən təhdid yaratmaq istəsəniz, biz sizin kimi ayırıcı xətlər deyil, həm də digər regionlarda da sütunlu daşlarınızın tərpədilməsində iştirak edəcəyik. Prezident İlham Əliyevin Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə Müstəqillik Günü ilə bağlı təbrikində də eyni dəst-xəttin qoruyub saxlanması bunu bir daha təsdiqləyir”, – deyə politoloq qeyd edib.