Qətər Xarici İşlər Nazirliyi bildirib ki, Qətər azı 100 uşağın Rusiya və Ukraynadakı qohumları ilə birləşməsində vasitəçi olub.
“Qətər Dövləti uğurlu vasitəçilik səyləri nəticəsində 2025-ci ilin iyul ayında ukraynalı və rusiyalı uşaqların yeni qrupunun öz ailələrinə qayıtdığını elan etdi”, – Qətər Xarici İşlər Nazirliyinin X-dəki səhifəsində dərc olunan bəyanatda deyilir. Departamentin məlumatına görə, bu qrupa Rusiyaya qayıdan üç uşaq və Ukraynadakı qohumlarına qovuşmuş 11 uşaq daxildir. “Qətərin vasitəçilik missiyası başlayandan bəri ailələrinə qayıdan uşaqların ümumi sayı 100-ə çatıb”, – sənəddə qeyd edilir.
Bununla əlaqədar Qətərin Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsə “ayrı-ayrı ailələrin yenidən birləşməsinə töhfə verən davamlı səylərə görə” minnətdarlığını bildirib. (Tass)