Hazırda Qəzza zolağında atəşkəs və anklavda saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqlarda ciddi irəliləyiş yoxdur. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Müxtəlif səviyyələrdə vasitəçilik səyləri davam edir, bununla belə, elan edə biləcəyimiz danışıqlarda əhəmiyyətli irəliləyiş yoxdur”, – Qətər diplomatı Dohada Əl- Cəzirə tərəfindən yayımlanan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişə tərəfləri atəşkəs şərtləri ilə bağlı elementar məsələlərdə kompromis əldə edə bilməyiblər. Bundan əlavə, əl-Ənsari vurğulayıb ki, Qətər rəsmiləri ABŞ prezidenti Co Baydenin İsraillə Fələstinin Həmas hərəkatı arasında razılaşmanın gələn həftə əldə oluna biləcəyi barədə bəyanatını şərh edə bilməz.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qətər vasitəçilik danışıqları ilə bağlı “nikbindir”. O, həmçinin müsəlmanların müqəddəs Ramazan ayı ərzində münaqişə tərəflərinin Qəzza zolağında atəşkəslə bağlı razılığa gələ biləcəklərinə ümid etdiyini bildirib. (Tass)