Oktyabrın 17-də Qahirədə yerləşən Jurnalistlər Sindikatında 50-dən artıq yerli jurnalistin və tədqiqatçıların iştirakı ilə “Misir-Azərbaycan – ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylər və əməkdaşlıq perspektivləri” adlı seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə çıxış edən səfir Elxan Poluxov hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra Misir-Azərbaycan əlaqələrinin daha da möhkəmləndiyini vurğulayaraq, ölkələr arasında əczaçılıq sənayesi, qida məhsulları, mədənçilik, yaşıl hidrogen, bərpaolunan enerji və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mühümlüyü barədə iştirakçılara geniş məlumat verib.
Cari ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan hazırlıq işlərindən və tədbir çərçivəsində həyata keçiriləcək bir çox layihələr barədə söhbət açan E.Poluxov 2022-ci ildə COP27-nin Misirin Şarm Əl-Şeyx şəhərində keçirildiyini vurğulayaraq, bu ölkənin öz təcrübəsini Azərbaycanla bölüşməsini yüksək qiymətləndirib.
Səfir, həmçinin çıxışında ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə yaşıl energetika, karbon emissiyasının azaldılmasını, “ağıllı şəhər” və “ağıllı kənd” prinsipi əsasında həyata keçirilən layihələr, Azərbaycanın beynəlxalq səviyyədə keçirdiyi tədbirlər haqqında danışıb, 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İnsan Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan WUF13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov çıxış edərək Misir-Azərbaycan əlaqələrinin tarixindən bəhs edib, iki ölkənin ortaq tarixindəki nüfuzlu şəxsiyyətlərdən – kökləri Azərbaycana gedib çıxan Səlahəddin Əyyubidən, Misirin baş həkimi İbn ən-Nəfisdən və Nəqşbəndi nəslinin verdiyi töhfələrdən danışıb.
Daha sonra beynəlxalq münasibətlər üzrə tədqiqatçı xanım Ghada Caber Azərbaycanın dünyanın aparıcı ölkələri sırasında olduğunu və bu ölkədə qadınların hüquqlarının qorunmasından danışaraq Azərbaycan parlamentinin sədrinin qadın olduğunu və qadınların parlamentdə yüksək faizi ilə təmsil olunduqlarını vurğulayıb.
Seminarın sonunda yerli jurnalistlər və tədqiqatçılar tərəfindən səfir E.Poluxova və digər məruzəçilərə ünvanlanmış çoxsaylı suallar ətraflı cavablandırılıb.